EN

ABŞ və Ukrayna atəşkəsə razılaşdı

Bəs Rusiya?

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Amerika və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirildi və bu görüşdə Kiyevin amerikalılara hansı güzəştlərə getməyə hazır olduğu sualına cavab verilməli idi. İlkin fərqli mövqelərini nəzərə alsaq, belə görünürdü ki, görüş heç də tərəfləri razı salacaq nəticə ilə bitməyəcək. Bununla belə, martın 11-də təxminən doqquz saat davam edən danışıqlardan sonra məlum oldu ki, görüş nəticəsiz yekunlaşmadı. Ukrayna 30 günlük atəşkəsə razılaşdı, bunun müqabilində ABŞ silah təchizatını bərpa edəcəyinə söz verdi. İndi tərəflər Rusiyadan cavab gözləyirlər.

Ciddədəki görüşdə ABŞ tərəfdən Dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak etdi. Ukrayna nümayəndə heyətinə isə prezident aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sıbiqa və müdafiə naziri Rustem Umerov daxil idi. Görüş öncəsi Dövlət katibi Marko Rubio təyyarədə jurnalistlərə bildirmişdi ki, Vaşinqton Ukraynanın mövqeyini anlamaq və Kiyevin hansı güzəştlərə getməyə hazır olduğu barədə ümumi təsəvvürə malik olmaq istəyir: “Çünki hər iki tərəf güzəştə getməyincə siz atəşkəsə və bu müharibənin bitməsinə nail olmayacaqsınız”. Cənab Rubio daha sonra Amerika tərəfinin Ukraynadan hansı güzəştlər gözlədiyinə eyham vuraraq qeyd etmişdi ki, Kiyevin 2014-cü ildən bəri itirdiyi bütün əraziləri qaytarması çətin görünür.

Bəs Ukrayna ABŞ-dan nə istəyirdi? Andrey Yermak danışıqlar ərəfəsində demişdi ki, Kiyev üçün təhlükəsizlik təminatı əsas məsələ olaraq qalır. Düzdür, o, etiraf etmişdi ki, iclasda bu məsələyə yalnız ilkin əsaslarla baxıla bilər: “Ən vacibi bu prosesi necə başlamaqdır və biz müzakirələrə hazırıq”. Lakin sonradan məlum oldu ki, həmin gün danışıqların ikinci raundunda təhlükəsizlik təminatlarına diqqət yetirildi.

Bundan əlavə, bir sıra Avropa KİV-in məlumatına görə, ukraynalılar Ciddəyə Fransa-Britaniya tandeminin ötən həftə təklif etdiyi planı xatırladan bir təkliflə gəlmişdilər. Həmin plan dron zərbələri və uzaqmənzilli raketləri, eləcə də Qara dənizdə hərbi əməliyyatları dayandırmaqla “qismən atəşkəs” elan edilməsini nəzərdə tuturdu. Bunun müqabilində Kiyev Vaşinqtondan ukraynalılarla kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dayandırmaq qərarına yenidən baxacağını gözləyirdi. Danışıqlardan əvvəl Marko Rubio məsələnin müzakirə ediləcəyini, lakin onun nəticəsinin danışıqların səmərəlilik dərəcəsindən asılı olacağını açıq bildirmişdi.

Mövqelərin fərqləndiyini nəzərə alan siyasi müşahidəçilər danışıqlarda konkret irəliləyişə nail olunacağına şübhə ilə yanaşırdılar. Bununla belə, Dövlət Departamentinin sözçüsü Temmi Bryus ABŞ-ın nikbin olduğunu və “bəşəriyyət üçün fantastik xəbərin” ortaya çıxmasını gözlədiyini vurğuladı. Nəhayət, danışıqlar gecə saatlarında başa çatdıqdan dərhal sonra Ağ ev müzakirələrin “məhsuldar” olduğunu və Donald Trampın onlardan “müsbət xəbərlər” aldığını bildirdi. Tezliklə tərəflər birgə bəyanat yayaraq, Ukraynanın ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu açıqladılar. Bundan sonra ABŞ Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldıracağını və Ukraynaya təhlükəsizlik yardımını bərpa edəcəyini bildirdi. Polşanın Milli Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünün bərpasını təsdiqlədi. Nəhayət, Marko Rubio yekunda dedi ki, Kiyev Moskva ilə “dərhal danışıqlara” razılıq verdi. Dövlət katibi əlavə etdi ki, ABŞ hazırda atəşkəs təklifinə Rusiya Federasiyasından müsbət cavab gözləyir.

Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində razılaşmanı şərh edərkən bildirdi ki, 30 günlük tam müvəqqəti atəşkəs təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca raket, dron və bomba hücumlarına son qoyulması deməkdir: “Ukrayna bu təklifi qəbul etməyə hazırdır, biz bunu müsbət addım kimi qəbul edirik və qəbul etməyə hazırıq. İndi ABŞ Rusiyanı da buna inandırmalıdır”.

ABŞ prezidenti Donald Tramp isə öz növbəsində planı Vladimir Putinlə müzakirə etməyi planlaşdırdığını dedi: “Tanqo üçün iki nəfər lazımdır”.

Avropa da Ukraynanın ABŞ-ın cəbhədə 30 günlük atəşkəs tətbiq etmək təklifi ilə razılaşmaq qərarını alqışladı. Fransa prezidenti Emmanuel Makron “X” mikrobloqunda yazdı ki, “top” indi aydın şəkildə Rusiya tərəfdədir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də Ukrayna və ABŞ prezidentlərini “gözəl sıçrayış” münasibətilə təbrik etdi. Onun fikrincə, bu, Ukraynada sülh üçün vacib məqamdır: “İndi hamımız mümkün qədər tez davamlı və təhlükəsiz sülhə nail olmaq üçün səylərimizi ikiqat artırmalıyıq”.

İtaliyanın Baş naziri Giorgia Meloni danışıqların nəticələrini alqışlayıb: “İtaliya ABŞ prezidenti Trampın rəhbərliyi altında Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək ədalətli sülhün əldə edilməsinə yönəlmiş səylərini tam dəstəkləyir. İndi qərar Rusiyadan asılıdır”.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də ukraynalılar və amerikalılar arasında görüşü və yardımın bərpasını alqışlayıb. Onun sözlərinə görə, bu, hərtərəfli, ədalətli və davamlı sülhə doğru bir addım ola bilər.

Rusiyadan isə hələlik konkret açıqlama yoxdur. Kremlin sözçüsü Dmitri Peskov bildirir ki, Rusiya tələsmir: “Bir az tələsirsiniz. Biz tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildirirlər. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik, onlarla görüşə ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerika ilə əlaqə üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir”.

Bəs Moskvanın mövqeyi necə ola bilər? Bu barədə müxtəlif ehtimallar irəli sürülür. Məsələn, “The Telegraph” qəzeti yazır ki, Rusiya lideri Vladimir Putin ABŞ-ın dəstəklədiyi Ukrayna ilə atəşkəsə razılaşmaqda çətinlik çəkəcək, xüsusən də Rusiya qoşunları cəbhə xəttində irəliləməyə davam edir. Qəzet qeyd edir ki, Rusiya Ukraynada atəşkəs təklifini rədd edərsə, ABŞ-ın bir açıq variantı olacaq - Ukraynaya daha da hərbi dəstək verməklə Kremlə təzyiq göstərmək. Ümumi hücuma baxmayaraq, əsas döyüşlərin cəmləşdiyi Ukraynanın şərqində Rusiyanın irəliləmə tempinin son həftələrdə bir qədər azaldığı vurğulanır. Bununla yanaşı, qəzet rusiyalı yüksək vəzifəli mənbələrə istinadən yazır ki, Kreml atəşkəs təklifinə ehtiyatla yanaşır. Çünki aydın təminat və vədlər olmadan Vladimir Putin üçün müharibəni rəsmi şəkildə dayandırmaq çətin olacaq.

CNN isə iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin, ola bilsin, sülhü hansısa formada qəbul edəcək və bu, atəşkəsin nə qədər davam edəcəyi müharibənin nəticəsini və Ukraynanın sağ qalmasını müəyyənləşdirəcək. Amerikalı ekspertlər ehtimal edirlər ki, Moskva dərhal atəşkəsi qəbul etməyə bilər, ən azından ona görə ki, Vladimir Putin ilk hərbi məqsədlərə yaxın olduğu bir zamanda, yəni Ukraynanın avqust ayından bəri nəzarətində saxladığı Kursk bölgəsindən çıxmadığı vaxtda təkliflə razılaşmanı təxirə sala bilər. CNN bildirir ki, 30 günlük atəşkəs ilk baxışdan əlbəttə, yaxşı xəbərdir. Eyni zamanda, analitik məqalədə qeyd olunur ki, atəşkəs on ildir davam edən bu münaqişənin “ən mürəkkəb və qüsurlu ideyası”dır.

Səbuhi MƏMMƏDOV
XQ

Chosen
29
xalqqazeti.az

1Sources