EN

Sərhədimizdəki “casus”ların qaranlıq əməlləri...

ABŞ-Rusiya yaxınlaşması fonunda AB-nin destruktiv missiyası vaxtından əvvəl bölgədən gedə bilərmi? - rəy

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə (oxu: casus - red.) missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər. Martın 10-da onlar növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, “binokl”la müşahidə aparıblar. “Yeni Müsavat” xatırladır ki, Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. AB missiyasının rəhbəri və 2023-cü ildən ona rəhbərlik edən Markus Ritter işinin “çətinliyi” barədə erməni jurnalistlərə şikayət edib. “Azərbaycanlılar bizi nəinki öz tərəflərinddən lentə alır, hətta bəzən biz tərəfə qışqırırlar”, - Ritter gileylənib.

Bununla belə, o, “vəziyyətin sabit olduğunu, gərginlik riskinin olmadığını” bildirib. Halbuki Ermənistan ordusu şərti sərhəddə məhz AB missiyasının himayəsi altında istehkam və səngər işləri həyata keçirir. Caliber.az isə bildirir ki, sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb. Avropalı “müşahidəçilər” sistematik olaraq əraziləri araşdırır, zəif mövqeləri müəyyənləşdirir, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldurlar ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.

Nəzərə alsaq ki, Rusiya da bu missiyanın əleyhinədir, Ukrayna müharibəsinin bitməsi və ABŞ-Rusiya barışığı ilə AB missiyasının aqibəti necə olacaq, onun vaxtından əvvəl Ermənistanı tərk etməsi mümkündürmü? Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmamış iki bəndindən biri məhz sərhəddən üçüncü qüvvənin çıxarılması ilə bağlıdır. Xatırladaq ki, AB-nin müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Qabil

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, son qərarın dəyişməsi gözlənilmir. Onun fikrincə, missiya 2027-ci ilədək sərhəddə qalmağa davam edəcək. Bununla yanaşı, professor istisna etmir ki, həmin dövrə qədər sərhədlərin delimitasiya edilmiş ərazilərindən həmin kəşfiyyat qrupları çıxa bilər. Q.Hüseynli Paşinyanın da bu təklifi irəli sürdüyünü xatırladır: “Bundan əlavə, Ermənistan gələn il referenduma hazırlaşır. Əgər bu müddət ərzində yekun sülh sənədi imzalansa, sözügedən missiya regionu vaxtından tez tərk edə bilər. Beləliklə, 2027-ci ilə qədər qalmamaları mümkündür. Ancaq ABŞ-Rusiya dialoqunun bərpasının sərhəddəki missiyanın fəaliyyətinə təsir edəcəyi haqda deyilənləri bölüşmürəm”.

Q.Hüseynli bunu iki səbəblə izah edir: “Birincisi, Avropa Birliyinin bu missiyanı yerləşdirməkdə məqsədi Ermənistanda təsirlərini artırmaq və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaqdır. Yəni missiyanın fəaliyyəti Azərbaycanla Ermənistan arasında gərginliyə səbəb olmaqla yanaşı, Rusiyaya qarşı yönəlib. İkinci amil isə ABŞ-la Avropa arasında yaranmış kəskin qarşıdurmadır. Tramp Amerikası ilə Brüsselin problemləri olduqca, Avropa İttifaqı bu missiyanı davam etdirməyə üstünlük verəcək. Üstəgəl, Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarında atəşkəs qarşılığında hərbi yardımların bərpası razılaşdırıldı. O deməkdir ki, ABŞ-Rusiya yaxınlaşması haqda danışmaq tezdir. Gəlin tələsməyək. Hətta Rusiya rəsmiləri də bunu söyləyirlər. Ona görə bu yaxınlaşma olmadıqca da avropalı "casus"lar bölgədə qalacaqlar".

Professorun sözlərinə görə, sadəcə, onların fəaliyyəti anormaldır: “Azərbaycan haqlı olaraq etiraz edir. Bizim dislokasiya məntəqələrini izləmək yolverilməz haldır. Bununla demək istəyirlər ki, guya şərti sərhəddə atəşkəsə nəzarət edirlər, eskalasiya risklərini təftiş edirlər. Yəni şərti sərhəddə ordumuzun dislokasiya məntəqələrinin yerdəyişməsi fonunda guya hərbi bölmələrimiz irəliləyə, Ermənistan ərazisinə girə bilər. Bu da cəfəngiyyatdır. Odur ki, bütün məsələlərin kompleks həlli sərhədlərin delimitasiyasını sürətləndirməkdən keçir”.

Musavat.com

Chosen
6
1
hurriyyet.az

2Sources