EN

Bakıda “Birlik və qardaşlıq” adı altında iftar süfrəsi açılıb

Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Birlik və qardaşlıq” adı altında iftar süfrəsi açıb.

Yeniazerbaycan.com-un verdiyi məlumata görə iftardan əvvəl “Qurani-Kərim”dən ayələr səsləndirilib, dualar edilib və şəhidlərimiz rəhmətlə anılıb. 

Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör hazırda dünyanın 32 ölkəsində 57 şöbə ilə fəaliyyət göstərən qurum haqqında ətraflı məlumat verərək, Beynəlxalq Demokratlar Birliyinin yaranmasını doğuran zərurətləri iştirakçıların diqqətinə çatdırdı. Birliyin xaricdə yaşayan türk vətəndaşlarının qarşılaşdıqları sosial, siyasi və mədəni problemlərin həlli istiqamətində araşdırmalar apardığını, eləcə də Azərbaycan ilə Türkiyə arasında birliyə və qardaşlığa töhfə verəcək fəaliyyətlər apardığını bildirdi. 

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu iftar süfrəsində iştirak edən hər kəsi salamladıqdan sonra , UID-nin Azərbaycanda açılışını xatırladaraq bu qurumun iki ölkənin qardaş xalqlarının ortaq diasporası kimi fəaliyyət göstərməsi gərəkdiyini və  Azərbaycan ilə Türkiyə münasibətlərində geniş fəaliyyət aparmalı olduğunu dilə gətirdi. 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov öz çıxışında Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, o cümlədən M.K.Atatürkün “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir” şüarlarını xatırladaraq, 44 günlük müharibə zamanı Türkiyənin qardaşlığını və eləcə də Türkiyədəki zəlzələ zamanı azərbaycanlıların göstərmiş olduqları həssaslığı dilə gətirdi.  

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün isə qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, Bakıda təxminən 40 gündür olduğunu və fəaliyyətindən böyük qurur duyduğunu, iki dövlət arasındakı münasibətlərin sadəcə sözdə deyil, təməldə də möhkəmliyini diqqətə çatdırdı.
TBMM-in deputatı Şamil Ayrım isə Azərbaycanın ərazi bütövlüyü üçün apardığı haqq işində Türkiyə tərəfindən hər zaman dəstək gördüyünü, Vətən müharibəsi zamanı Azərbaycana siyasi və mənəvi dəstək göstərərək qardaşlığını ortaya qoyduğunu, 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə münasibətlərin həm də müttəfiqlik səviyyəsinə qaldırıldığını vurğuladı.

Digər çıxışçılar da iştirakçıları Ramazan münasibəti ilə təbrik edərək, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyindən danışdılar. 

Xatırladaq ki, iftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri, qazilər, şəhid ailələri, türkiyəli tələbələr iştirak ediblər.

Aytən Rəhimli,

Yeni Azərbaycan

1Sources