EN

Qarabağ və Şərqi Zəngəzur:Quruculuq işləri ölkəmizin qüdrətinin simvoludur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki  şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq, dirçəliş meydanına çevrilib. Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəra­iti yaradıldıqca azad edilmiş yurdlara qayıdış da sürətlənir. Bir neçə fakta müraciət edək. Artıq bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Füzuli şəhərində 3132 nəfər məskunlaşıb.  Sıfırdan inşa olunan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərinin ətrafında olan üç kəndə və Ağdam şəhərinə bu il 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun bildirdiyinə görə, ümumilikdə 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsi nəzərdə tutulur.  Böyük Qayıdış Proqramının birinci mərhələsində, yəni 2026-cı ilin sonunda dədə-baba yurdlarına dönənlərin sayı 140 min nəfərə çatacaq. Bütün bunlar qayıdışın daha intensiv şəkil alacağından xəbər verir.  Bu mənada Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini,  keçmiş məcburi köçkünlərin yurd-yuvalarına qayıtmalarını ölkəmizin qüdrətinin simvolu kimi dəyərləndirmək olar.

Milli Məclisin deputatı Jalə Əliyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dəmir iradəsi ilə işğaldan azad olunmuş ərazilərimizdə bu gün böyük quruculuq işləri sürətlə davam etdirilir, hətta Füzulidə, Zəngilanda beynəlxalq hava limanları inşa olunub, daha bir hava limanı isə Laçında inşa edilməkdədir: ”Şübhəsiz, işğaldan azad edilmiş  ərazilərimizin hər qarışının dirçəlməsindən, gözəlləşməsindən hər birimiz qürur hissi keçiririk. Bu gün Böyük Qayıdış çərçivəsində minlərlə soydaşımız öz yurd-yuvasına qovuşub və bu proses davam edir. Yeri gəlmişkən, keçmiş məcburi köçkünlərin rahat şəkildə yaşamaları üçün həmin məkanlarda günün tələblərinə cavab verən hər cür şərait yaradılıb. Onlar da yaradılmış şəraitdən çox razıdırlar. Ona görə də keçmiş məcburi köçkünlər  yaşayış üçün gözəl şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər”.

Görülən işlərin dövlətimizin qüdrətindən, həm də siyasi iradəsindən, güclü idarəetmədən xəbər verdiyini vurğulayan Milli Məclisin deputatı bildirdi ki, bu gün bizim hədəflərimiz genişdir: “Qarabağda, Şərqi Zəngəzurda görülən işlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması istiqamətində də fəaliyətimizi davam etdiririk. Çünki bu dəhliz yalnız Azərbaycanın deyil, ümumilikdə bölgənin inkişafına xidmət edəcək bir layihədir. Onu da qeyd edim ki, regionda yeni reallıqlar yaratmış ölkəmiz hazırda bölgənin lider dövlətidir. Elə bu səbəbdən regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Cənab Prezidentimizin də dəfələrlə bildirdiyi kimi, bu, təkcə coğrafi mövqeyə görə deyil, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir”.

Milli Məclisin deputatı Tural Gəncəliyev isə bildirdi ki, bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərimizə qayıtmaları həm də dünyaya bir mesajdır: “Bununla Azərbaycan diplomatik cəbhədə gərginliyin olmasına baxmayaraq qurub-yaradan ölkə olduğunu bir daha nümayiş etdirir. Özü də bütün bunları daxili vəsaiti hesabına həyat keçirir. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə Azərbaycanın təkbaşına gördüyü işləri isə  saymaqla qurtarmaz. Beynəlxalq qurumlar da bundan  xəbərdardırlar. Bu hər şeydən əvvəl, ölkəmizin iqtisadi qüdrətindən irəli gəlir. Nəticə göz qabağındadır. Şübhəsiz, dövlətimizin qətiyyəti, xalqımızınn birliyi sayəsində həmin ərazilər çiçəklənəcək və inkişaf edəcəkdir. Amma bir tarixi həqiqət var ki, adətən belə dağıntılarla əlaqədar beynəlxalq təşkilatların birgə bərpa planı icra edilir. Məsələn,  İkinci Dünya müharibəsindən sonra Amerika Avropanı bərpa etmək üçün “Marşal planı” həyata keçirdi. Şübhəsiz, əgər həmin məsələ Avropanın ümidinə qalsaydı, bəlkə də 50 ilə bərpa edilə bilərdi. Bizim ölkəyə isə belə bir yardım göstərilmir. Beynəlxalq qurumlar bunu görməzliyə vururlar.  Prezident İlham Əliyevin bildirdiyi kimi, azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik. Doğrudur, ölkəmiz xarici şirkətləri də bu işlərə cəlb edib. Amma unutmayaq ki, onlar orada podratçı kimi çalışırlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
11
ikisahil.az

1Sources