Bakıdakı evlərin qiyməti niyə bahalaşır?
İqtisadçı Xalid Kərimli News365.az-a bunun bir çox səbəbini açıqlayıb.
1. Tikinti xərclərinin artması – Tikinti materiallarının qiymətinin yüksəlməsi və onların daşınması ilə bağlı xərclərin artması tikinti prosesini bahalaşdırır. Bu da mənzillərin qiymətinə birbaşa təsir edir.
2. Torpaq məhdudiyyəti və qiymət artımı – Bakıda yaşayış təyinatlı torpaq sahələri azalır. Torpağın məhdudlaşması onun qiymətini artırır və tikinti dəyərinin 25-30%-ni təşkil edir. Bu da evlərin bahalaşmasına səbəb olur.
3. Şəhərsalma qaydalarının sərtləşdirilməsi – Əvvəllər şəhərsalma qaydalarına ciddi nəzarət olunmurdu. Binalar bir-birinə çox yaxın tikilir, standartlara əməl edilmirdi. Lakin hazırda bu sahədə müəyyən qaydalar tətbiq olunur ki, bu da tikinti xərclərini artırır və nəticədə mənzillərin qiymətinə təsir göstərir.
4. Vergi şəffaflığının artması – Tikinti şirkətləri əvvəllər sadələşdirilmiş vergi ödəyirdilər. Hazırda isə əlavə dəyər vergisi (ƏDV), mənfəət vergisi kimi ödənişlər də tələb olunur. Vergilərin artması da tikinti dəyərinin yüksəlməsinə səbəb olur.
5. İpoteka kreditlərinin genişlənməsi – Dövlət və banklar tərəfindən ipoteka kreditlərinin daha çox verilməsi mənzil bazarında tələbi artırır. Tələbin artması isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
6. Əhalinin paytaxta axını – Bakı ölkənin iqtisadi və sosial mərkəzi olduğu üçün regionlardan və xaricdən gələnlər burada mənzil almağa üstünlük verirlər. Artan tələbat isə qiymətlərin bahalaşmasına səbəb olur.
Bu əsas amillər Bakıda mənzil qiymətlərinin artmasına təsir edən başlıca səbəblərdir.