EN

Bir ildə 14 tender, 116 milyonluq müqavilə-ARAŞDIRMA

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik olan “Avromed Company” QSC ötən gün daha bir iri tenderin qalibi olub. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrə məlumat yayılıb.

Məlumatda deyilir ki, İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderin qalibi olan şirkət, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində 16 milyon 333 min 897 manatlıq drəman satacaq.

Qeyd edək ki, “Avromed Company” tender sahəsinə yad şirkət deyil. Elə açıq mənbələr üzərindən aparılan araşdırmalar da bunu təsdiq edir. Məsələn, Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, sözügedən şirkət ötən il 14 tender keçirib. Bu müsabiqələrdən isə qazandığı pul 116 milyon 665 min 470 manat təşkil edib.

Bununla bağlı araşdırmamız zamanı o da məlum olub ki, “Avromed” bu pulların böyük qismini iki dövlət qurumundan qazanıb. Məsələn, şirkətlə Səhiyyənin Təminat Mərkəzi arasında bir ildə 5 satınalma müqaviləsi imzalanıb. Müxtəlif növ dərmanların alınmasından tutmuş labaratoriyalar üçün reaktorların gətiriməsinə qədər təşkil edən bu işlərə görə alınan vəsait isə 9 milyon 54 min 496 manat olub. Bu tenderlərdən ən bahalısı isə 5.6 milyon manat təşkil edib.

Amma araşdırmalardan aydın olan odur ki, “Avromed”in əsas partnyoru İnnovasiya və Təchizat Mərkəzi olub. Sayca Səhiyyənin Təminat Mərkəzinin tenderlərindən az olsa da, baılanan satınalma müqavilələri həddindən artıq yükək rəqəmli olub. Belə ki, 4 tender üzrə şirkətin Mərkəzdən aldığı vəsait 67 milyon 269 min 333 manat olub. Ən bahalı tender isə “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması ilə bağlı olub. Onun dəyəri isə 50 milyon manat təşkil edib.

“Avromed”in üçüncü əsas partnyoru isə Milli Hematologiya və Transfuziologiya Mərkəzi olub. Bu qurumla şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Toplam dəyəri isə 39 milyon 700 min manat olub.

Maraqlıdır ki, “Avromed” bu tenderlərdən başqa heç bir müsabiqəyə qatılmayıb. Bu araşdırmadan məlum olan odur ki, şirkət ilboyu qatıldığı tenderlərin 80 faizi üç dövlət qurumunu əhatə edib. Yerdə qalan 20 faiz isə bir neçə qurumun keçirdiyi müsabiqəni əhatə edib.

Digər tərəfdən, həm də anlaşılan odur ki, “Avromed” ümumi tenderlər üzrə pulun 90 faizini məhz üç dövlət qurumundan- Səhiyyənin Təminat Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi- qazanıb. Müşahidələr və ortada olan reallıq belə bir təsəvvür yaradır ki, “Avromed” məhz bu üç dövlətr qurumunun tenderlərini udmaq üçün yaradılıb.

Xatırladaq ki, “Avromed Company” QSC-nin nizamnamə kapitalı 57 min manatdır. Şirkətin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə İsgəndərov Kamran İnqilab oğludur.

Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Chosen
11
5
tribunainfo.az

6Sources