“Hazırda ölkəmizdə 40-65 yaş arasında olan qadın nəslinin mədəniyyəti və adət-ənənəsi yox olmaq üzrədir. Bu həm də milli adət-ənənənin yox olması deməkdir”.
Paralel.az xəbər verir ki, bu sözləri professor, hüquqşünas Fərhad Mehdiyev deyib. O, artıq Azərbaycanda qadınların əvvəlki kimi milli təamları hazırlmadığını deyərək buna irad tutub:
“Analarımız aş dəmləyər, kompot düzəldər, şəkərbura-paxlava bişirərdi, şoraba qoyardılar. Hər ev xanımı bunu bacarırdı.
Sizcə gənc xanımlar bunu bacarırmı? Yox. Təəssüf ki, anaları da onları məcbur etmir ki, gəl dur yanımda sən də öyrən.
Nəsillər bir-birinə öyrətməklə insanlığı inkişaf etdiriblər. Sizə şəkərbura-paxlava adi gəlməsin, o da bir dəyərdir, onları hazırlaya bilmək dəyər yaratmaqdır.
Güzgünün qabağında selfie çəkdirmək isə dəyər yaratmaq deyil. Oranı-buranı şişirtmək, kəsdirmək, sonra hamıya özünü göstərmək dəyər yaratmaq deyil, dəyərlərdən yoxsun olduğunu göstərməkdir.
Analarımız çox gözəl qoğal, paxlava bişirirlər. Onların bu bacarıqlarının davamçısı olacaqmı? Yoxsa “fast food” bir də "baklava"ya məhkum qalacağıq?
Hörmətli xanımlar, qız övladlarınıza xanımlığı aşılayın. Milli adət-ənənələrimizi, xörəklərimizi hazırlamağı öyrənsinlər, yaşatsınlar. Halloven mənim bayramım deyil, yaddır. Amma novruzları özümüz yadlaşdırırıq”,- deyə o əlavə edib.
Billurə Yunus