ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin Birləmiş Millətlər Təşkilatından çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır.
Bakıvaxtı.az-ın məlumatına görə, hakim partiyadan olan senatorlar bəyanat verərək, təşkilatın ABŞ-nin maraqlarına cavab vermədiyini açıqlayıb. ABŞ bundan sonra sülhməramlı missiyada da olmayacaq.
Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a bildirib ki, BMT-nin fəaliyyətsizliyi və Təhlükəsizlik Şurasına daxil olmuş ölkələrin maraqları çərçivəsində fəaliyyət göstərməsi dəfələrlə gündəmə gətirilib.
Analitik qeyd edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "dünya beşdən böyükdür" ifadəsi ilə BMT-nin artıq müasir dövrün çağırışlarına cavab vermədiyini ortaya qoyub:
"Azərbaycan-Ermənistan arasında 30 il davam edən münaqişədə də BMT-nin qətnamələrinin heç birinin icra edilmədiyinin şahidi olduq. Belə olan təqdirdə bu qurumun bizim coğrafiyada hər hansı təsir gücünün olmadığı ortaya çıxır. Söhbət ABŞ-dən, Donald Trampdan gedirsə, nəzərə alaq ki, Ağ Ev rəhbərinin dünya xəritəsini dəyişdirmək yönündə müəyyən planları var. Tramp Qrenlandiyadan sonra Ukrayna məsələsinə əl qoydu. Bəlkə də müxtəlif ölkələrin ərazisinə də göz qoyub. Bütün bu planları rahat həyata keçirmək üçün Trampa BMT-dən çıxmaq, sülhməramlı missiyada yer almamaq daha çox sərf edir. Nəticə etibarlə Tramp bu addımı atarsa, yəni BMT-nin Təhlükəsizlik Şurasından çıxarsa, Panamanı, Qrenlandiyanı ələ keçirərsə, BMT-nin heç bir müqaviməti ilə qarşılaşmazsa, bu, nümunə Rusiyanı da həvəsləndirəcək".
F.Abbasova görə, Rusiya itirdiyi torpaqlara Latviya, Litva, Estoniya da daxil olmaqla qoşun göndərəcək və öz təsiri altına salmağa çalışacaq:
"Çin də Tayvana göz dikəcək, Serbiya üzünü Kosovaya çevirəcək və s. Bunlar teorik olaraq cazibədar görünsə də, zəif ölkələrin güclü dövlətlər tərəfindən zəbt olunması anlamına gələ bilər”.
Fuad Abbasov: Trampa BMT-dən çıxmaq, sülhməramlı missiyada yer almamaq daha çox sərf edir
Müsahibimiz bildirib ki, BMT İkinci Dünya müharibəsindən sonra yeni dünya düzənini leqallaşdırmaq məqsədi ilə yaradılıb. Hazırda müharibələrin davam etməsinə baxmayaraq, yenə də BMT üçüncü dünya müharibəsinin qarşısını almaqda yeganə beynəlxalq təşkilatdır.
“Mənə elə gəlir ki, Tramp BMT-dən çıxarsa, bu, tendensiyaya çevrilərsə, üçüncü dünya savaşını başladacaq səbəblər yarana bilər", - deyə Fuad Abbasov vurğulayıb.
Aydın Baxış