Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında əvvəlcə Avropa İttifaqı Şurasının sabiq Prezidenti, Belçikanın keçmiş Baş naziri Şarl Mişel çıxış edəcək.
İclasda, həmçinin Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun, Çin Hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə sabiq müavini, Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbonun, ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrin, Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulosun çıxışları dinləniləcək.