
“2014-cü il müharibəsi zamanı da Rusiya və Ukrayna atəşkəsə yaxın idi. Amma Rusiya atəşkəs danışıqlarını mümkün qədər uzadaraq ordusunun daha böyük üstünlüklər əldə etməsinə çalışırdı. Rusiya bəzi yerləri nəzarətə götürdükdən sonra müəyyən atəşkəs razılaşması əldə edildi. Məncə, indi də eyni vəziyyətdir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ-nın Rusiya və Ukraynaya 30 günlük atəşkəs təklif etməsi və Ukraynanın bununla razılaşmasını şərh edərkən deyib.
A. İsazadənin fikrincə, Rusiya atəşkəs təklifinə gec cavab verə bilər: “Rusiya çalışacaq ki, bu müddət ərzində Ukrayna ordusunun Kursk bölgəsindən çəkilməsini təmin etsin və danışıqlar masasında güclü tərəf kimi əyləşsin. Ancaq unutmaq olmaz ki, Ukrayna ABŞ-la razılığa gələn günü Moskvaya böyük dron hücumu həyata keçirildi”.
Müsahibimiz deyib ki, indi Rusiyanın durumu yaxşı deyil: “Əgər atəşkəsdən imtina edəcəksə, bu zaman ABŞ-nın Ukraynaya dəstəyi daha da güclənəcək. Razılığa gələcəksə, bu zaman Kursk bölgəsinin onun nəzarətində olmaması ilə razılaşacaq. Odur ki, indi məsələ qeyri-müəyyən qalır. Əlbəttə, Rusiya da öz maraqları çərçivəsində hərəkət edir və çalışacaq ki, indi başlayan oyunun pozucusu kimi görünməsin. Ancaq aydındır ki, Rusiya atəşkəsə razılaşsa belə, ona əməl olacağına təminat yoxdur”.
A. İsazadə əlavə edib ki, atəşkəs razılaşması olarsa, bu zaman mülki insanlar və böyük şəhərlər hücuma məruz qalmayacaq: “Bu da müsbət haldır. Eyni zamanda atəşkəsin cəbhə xətti boyunca periodik olaraq pozulması da müşahidə ediləcək. Bu baxımdan əgər razılaşma olacaqsa, biz yalnız qaynar fazanın səngidiyini deyə biləcəyik. Amma unutmaq olmaz ki, bundan əvvəl də Rusiya və Ukrayna arasında atəşkəs olub və sonradan bu, Ukraynaya kütləvi hücumla müşahidə edilib. Biz yalnız onu deyə bilərik ki, vəziyyət gərgin olaraq qalacaq”.
A. İsazadə bildirib ki, müharibənin dayanması müsbətdir, amma sonradan daha böyük işğal və ya növbəti qanlı müharibəyə səbəb olmamaq şərti ilə:
“Nəzərə almaq lazımdır ki, indi həm Rusiya, həm də Ukrayna ordusu yorulub. Onlara belə bir fasilə lazımdır. Ancaq bu fasilə tərəflərin növbəti müharibə hazırlığına səbəb olmamalıdır”.
Y. QACAR
Reyting.az