EN

Milli ruhumuzu yaşadan Novruz bayramı

Novruz bayramı xalqımız tərəfindən əsrlər boyu qeyd olunan bir ənənədir. Hər il mart ayında keçirilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması və torpağın oyanması ilə əlaqələndirilir. Bu bayramın əsasında insanları birləşdirmək və mehribanlığı möhkəmləndirmək məqsədi dayanır. Bu bayram yalnız insanların sevinib, şadlandığı və yazı – yeni ili qarşıladığı bir şənlik deyil. Novruz minilliklər boyu xalqımızın milli birliyini, bütövlüyünü və dövlətçilik düşüncəsini qoruyub yaşadıb. Novruzun müstəqil Azərbaycanın dövlət quruculuğuna verdiyi töhfələr, onun əhəmiyyətini bir daha vurğulayır. Bu bayram xalqımızın adını və mədəniyyətini dünya səviyyəsində tanıdıb və ona böyük şöhrət gətirib. Novruz bayramı 2009-cu ilin 30 sentyabrında YUNESKO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

Azərbaycan dövləti möhkəm milli və mənəvi dəyərlər üzərində qurulub. Biz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi və bayramlarımızı qoruyub yaşadırıq. Müstəqillik dövrü göstərir ki, yalnız milli köklərə dayanan dövlətlər inkişaf edə bilər və onların gələcəyi parlaqdır. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən vacibdir. Bu gün gənc nəsil də bu dəyərlər ruhunda, vətənpərvərlik və milli ruhla tərbiyə olunur və bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.

Əldə etdiyimiz uğurlar ölkəmizi daha da gücləndirir və gələcəyə optimist baxış üçün əsas yaradır, eyni zamanda dünya səviyyəsində yüksək qiymətləndirilir. Daxili vəziyyətimiz sabitdir və bu sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalq və iqtidarın birliyi bu sabitliyin əsas amilidir. Dövlət başçımız cənab İlham Əliyevin siyasəti xalq tərəfindən dəstəklənir və sabitliyin qorunması məhz buna bağlıdır. Dünyada və regionumuzda baş verən xoşagəlməz hadisələr, qanlı münaqişələr və müharibələr hər kəsi ciddi şəkildə narahat edir. Əgər bölgəmizdə vəziyyət gərginləşirsə, risklər artırsa, bu, təbii ki, bizə də mənfi təsir edə bilər. Buna görə də əsas vəzifəmiz ölkəmizi və xalqımızı mövcud və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə də bu gün ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi və həmrəylik bizim ən böyük sərvətimizdir və biz bunu qoruyuruq. Bu sabitliyi yalnız xalq və iqtidarın birliyi qorunmaqla təmin edilə bilər.

Novruz bayramı milli mədəniyyət tariximizdəki digər abidələrdən öz xüsusiyyətləri ilə seçilən mənəvi mədəniyyət abidəsidir. Bu bayramın tarixi və mənşəyi çox qədimdir. Dünya tarixindəki müxtəlif dövrlər və ideologiyalar bir-birini əvəz etsə də, Novruz bayramı heç vaxt unudulmayıb, əksinə, zamanla daha da güclənərək öz mövcudluğunu qoruyub saxlayıb. O, müxtəlif dinlər, mədəniyyətlər və əks ideologiyaların qarşıdurmalarına rəğmən hər zaman öz varlığını qoruyub.

Novruz bayramı Azərbaycanın milli dövlətçilik ənənələri ilə sıx əlaqədar olub. Ən qədim dövrlərdən xalqımızın həyatında və adət-ənənələrində öz yerini tapmış bu bayram yalnız xalqın məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində də qeyd olunub və xalqın həyatını bütöv şəkildə əhatə edib.

Hər il olduğu kimi, bu il də Novruz bayramı Azərbaycanda böyük təntənə ilə qeyd edilir. Bu xalqımızın bayram sevincinə xüsusi bir ovqat qatır. Artıq beşinci ildir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayırıq. Dövlət başçımız cənab İlham Əliyev tərəfindən 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü il Talış kəndində, 2024-cü il Xankəndi şəhərində bayram tonqalı alovlandırılmışdır. Bu böyük bir xoşbəxtlikdir. Biz ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş torpaqlarda yeni həyat qururuq. Keçmiş köçkünləri dədə-baba torpaqlarına qaytarmaq artıq reallaşır və bu proses davam edir. Bütün bu işlər Azərbaycanın gücünün, iradəsinin və tarixi haqqının təntənəsidir.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Chosen
4
1
ikisahil.az

2Sources