EN

Quterreş BMT-ni daha səmərəli etmək üçün təşəbbüs irəli sürür

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, beynəlxalq təşkilatın maliyyə çətinliklərini həll etmək üçün yeni islahat təşəbbüsü – UN80 proqramını elan edib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Quterreşin sözlərinə görə, BMT illərdir davam edən böhran ilə üzləşir və təşkilata üzv dövlətlərin bir çoxu maliyyə töhfələrini vaxtında ödəmədiyinə görə, resurslar sürətlə tükənir.

BMT-nin məlumatına əsasən, təşkilatın ən böyük donor ölkəsi olan ABŞ yanvar ayının sonuna 1,5 milyard dollar məbləğində borc ödəməyib. Bu, BMT-nin 2025-ci il üçün 3,72 milyard dollarlıq büdcəsinin böyük hissəsini təşkil edir. İkinci ən böyük donor olan Çin isə 2024-cü ilin sonuna olan borcunu hələ ödəməyib.

Eyni zamanda, Donald Tramp administrasiyası dövründə BMT-yə ayrılan xarici yardımların ciddi şəkildə azaldılması beynəlxalq qurum üçün əlavə çətinliklər yaradıb.

BMT Baş katibi UN80 təşəbbüsünün əsas məqsədinin maliyyə səmərəliliyinin artırılması olduğunu bildirib. Bu çərçivədə təşkilatın bəzi humanitar strukturlarının daha aşağı xərcli bölgələrə köçürülməsi nəzərdə tutulur. Məsələn, UNİCEF və UNFPA-nın bəzi fəaliyyətləri artıq Keniyanın paytaxtı Nayrobiyə köçürülüb.

Quterreş vurğulayıb ki, BMT-nin strukturunun modernləşdirilməsi və xərclərin optimallaşdırılması təşkilatın daha effektiv fəaliyyət göstərməsinə imkan verəcək. “BMT heç vaxt indiki qədər zəruri olmamışdır. Biz 21-ci əsrə uyğun daha güclü və effektiv bir təşkilat qurmalıyıq”, – deyə o əlavə edib.

Bununla bağlı artıq BMT daxilində xüsusi işçi qrup yaradılıb və təşkilatın xərclərinin azaldılması üçün mümkün yollar araşdırılır.

Chosen
6
turkic.world

1Sources