Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb.
İlk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.
Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.
Azərbaycan Prezidenti təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.