Bakı, 13 mart, AZƏRTAC
“Ulduz” jurnalının mart nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrə “Yeni nəsil: nəsr - “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb.
Jurnalın bu nömrəsində gənc nəsildən olan nasirlərin - Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”, Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”, Həmid Piriyevin “Nəlbəkidə üzən kağız gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq...” hekayələri yer alıb.
“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır. “Şeir vaxtı”nda Nübar Eldarqızıdır. Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də bu nömrədə oxucularla görüşür.
“Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur.
“Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.