EN

Taksi qiymətləri artacaq? -

Sertifikasiyadan keçməyən xeyli taksi sürücüsü sistemdən çıxarılıb. Belə ki, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər. Bəs bu, taksi qiymətlərində dəyişikliyə səbəb olacaq? Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, sertifikasiyadan keçməyən bir çox taksi sürücüsü yenidən təlimlərə qatılmalı, kurslardan keçməli və imtahan verməlidir. Əsas məqsədimiz cəmiyyət olaraq taksi xidmətinin daha təhlükəsiz və keyfiyyətli olmasını təmin etməkdir: “Çünki üç il əvvəl bu sahədə ciddi narazılıqlar müşahidə olunurdu. Xüsusilə bəzi sürücülərlə bağlı ictimaiyyət arasında böyük narazılıq var idi. Daha doğrusu, mən onları taksi sürücüsü adlandırmıram, çünki həqiqi taksi sürücüləri peşəkarlardır, hansılar ki, davranış qaydalarını bilir, sərnişinlə necə ünsiyyət quracağını anlayır. Onlar taksidən qazanc məqsədilə istifadə edirlər. Amma bu sahəyə əyləncə naminə daxil olanlar da var idi. Bəziləri sadəcə boş vaxtlarını keçirmək üçün taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Məhz bu kimi halların qarşısını almaq üçün müvafiq tədbirlər görülür ki, peşəkar olmayan şəxslər kənarlaşdırılsın və taksi, həqiqətən, bir peşə kimi təsbit olunsun. Taksi sürücüsü kimi çalışanların fəaliyyətinə bu işə əyləncə kimi baxan şəxslər tərəfindən maneələr törədilməsin”. E.Cəfərov qeyd edib ki, sertifikatlaşdırmadan keçə bilməyən taksi sürücülərinin yerini başqa sürücülər tutacaq. Çünki taksidə çalışmaq istəyənlər çoxdur: “Amma düşünmürəm ki, taksi qiymətləri yaxın dövrdə kəskin yüksəlsin”, - deyə ekspert əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
9
1
metbuat.az

2Sources