Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, faktla bağlı 18 min ədəd nektarin, 18 min 240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.