EN

“Fidyə 1 manat da ola bilər, 10-15 manat da...”

“Oruc tuta bilməyən yaşlılar və ya xroniki xəstəliyi olanlar Ramazan ayı üçün hər günə görə fidyə verməlidirlər. Fidyənin miqdarı müqəddəs şəriətimiz tərəfindən bir fəqirin bir günlük yemək ehtiyacını qarşılayacaq qədər hesablanır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

Onun sözlərinə görə, bu miqdar ölkədən ölkəyə dəyişə bilər, çünki o əsasən gündəlik ərzaq qiymətlərinə əsaslanır: “Fidyəni əsasən bir müdd təam (750 qr buğda və ya yemək - red.), bəzi mənbələrdə isə bir nəfərin səhər və axşam yeməyinə bərabər hesab edirlər. Bu miqdar mübarək Ramazan ayının bir günü üçün hesablanır. Qeyd olunan miqdarları nəzərə alsaq, bu məbləğ 1 manat da ola bilər, 10-15 manat da. Amma şəriətimizə əsasən fidyə vacib olan şəxsin maddi vəziyyəti nəzərə alınaraq özü üçün insaflı olaraq hədd təyin etməsi daha məqsədəuyğundur”.

Qeyd edək ki, 1-29 mart tarixləri Azərbaycanda Ramazan ayıdır və martın 30-u Fitr bayramıdır.


Chosen
4
9
news24.az

10Sources