EN

“Sağlam məktəbli” layihəsi davam edir

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktəblilər arasında sağlam qidalanmanın təşviqi məqsədilə növbəti görüş Kaspi liseyinin müraciəti əsasında həmin təhsil müəssisəsində keçirilib.

Tədbirdə iştirak edən 70-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat verilib. Şagirdlər zərərli qidaların sağlamlığa mənfi təsirlərini əks etdirən səhnəcik nümayiş etdiriblər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təhlükəsiz qidalanma necə olmalıdır?” və “Şəkərin insan sağlamlığına zərərləri” mövzularında təqdimatlar edilib.

Görüşdə qidalanma mövzusunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.

Chosen
6
azertag.az

1Sources