EN

Kolumbiya Universiteti Fələstin tərəfdarı olan tələbələri qovur

Bakı, TurkicWorld

ABŞ-ın Kolumbiya Universiteti Fələstinə dəstək nümayişlərində iştirak edən bəzi tələbələri məktəbdən xaric edib, təhsillərini dayandırıb və məzun olmuş tələbələrin diplomlarını müvəqqəti ləğv edib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, universitetin İntizam Şurasının göndərdiyi elektron məktubda, 2024-cü ildə Hamilton Hall binasına daxil olan bəzi tələbələrin sanksiyalara məruz qaldığı bildirilib. Lakin neçə nəfərin bu qərardan təsirləndiyi açıqlanmayıb.

16 aprel 2024-cü ildə universitet tələbələri İsrailin Qəzzadakı hücumlarını dəstəkləyən şirkətlərlə əlaqələrin kəsilməsi tələbi ilə Qəzza Həmrəylik Düşərgəsi adlı çadırlar quraraq etiraz aksiyası keçirmişdilər. Etirazlar nəticəsində rektor Minouche Shafik polis çağıraraq 108 tələbənin saxlanmasına səbəb olub. Daha sonra, 29 aprel 2024-cü ildə tələbələr Hamilton Hall binasına daxil olub, lakin polis müdaxiləsi ilə aksiya dağıdılıb.

Qeyd edək ki, Kolumbiya Universitetində başlayan etirazlar qısa müddətdə ölkənin 50-dən çox universitetinə yayılıb və 3100-dən çox tələbə saxlanılıb. Tramp administrasiyası antisemitizm iddialarına görə universitetin federal maliyyələşdirilməsini nəzərdən keçirdiyini və 400 milyon dollar vəsaiti geri çəkdiyini açıqlayıb.

Chosen
26
turkic.world

1Sources