“Bəziləri üçün bu bəlkə də daha məqbul ssenari olsa da dünya "yeni şerif" ideologiyasına qayıtmamalıdır".
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Sülhə doğru" adlı paneldə Monteneqronun sabiq Prezidenti Milo Dukanovic bildirib.
Onun sözlərinə görə, hazırda Qərbin dirəndiyi dalandan çıxış yolu var:
"Hazırda məlum olan odur ki, dünyada geosiyasi güc dəyişir. Belə bir dəyişiklik siyasi arxitekturanı pozduğu üçün onun ciddi fəsadları var. Biz elə bir dövrdə yaşayırıq ki, xaos davamlı olaraq artır və Qərb ölkələrini daha çox əhatə edir. Biz eyni zamanda dünyada dəyərlər sisteminin pozulduğunu görürük. Belə olan halda irəliləyəcəyimiz istiqaməti ciddi müəyyənləşdirməliyik. Hər kəsə məlumdur ki, 30-cu illərdə populist və avtokratik liderlər meydana çıxmağa başladı. Dünya "Şəhərdə yeni şerif" ideologiyasına qayıtmamalıdır. Bəziləri üçün bu bəlkə də daha məqbul ssenaridir. Biz müəyyən etməliyik ki, cəmiyyətin inkişafına kömək edən dəyərlər lazımdır, ya yeni dəyər sisteminin təlqin etdiyi nəzəriyyə? Bizə elə gəlir ki, dalana dirənmişik və çıxış yolu yoxdur. Amma Qərbin dirəndiyi dalandan çıxış yolu var".