EN

“Prezident İlham Əliyev bu müqavilə ilə regiona əbədi sülh gətirəcək” – Ramin Əhmədov

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin bütün bəndləri demək olar ki, tamamilə razılaşdırılıb. Prosesin bu qədər uzanmasının səbəbini indi özümüz üçün yəqin edə bilərik. Artıq görünən odur ki, bu müddət ərzində Azərbaycan özünün haqlı tələblərini Ermənistana qəbul etdirməyə çalışıb. 

Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün facebook səhifəsində paylaşıb. 

Ramin Əhmədov vurğulayıb ki, İrəvan ənənəsinə sadiq qalaraq, Bakıdan gələn tələblərdən mümkün qədər yayınmağa çalışıb və hər dəfə müxtəlif bəhanələrlə prosesi yubatmaq yolunu tutub. Lakin Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, birmənalı olaraq ədalət meyarlarına söykənən siyasəti bu dəfə də öz bəhrəsini verdi və Ermənistan rəhbərliyi əslində Azərbaycanın müəllifi olduğu sülh müqaviləsi layihəsilə razılaşmaqdan başqa yol görmədi. Bəli, sənədin təşəbbüskarı da, müəllifi də Azərbaycandır. Bunu möhtərəm Prezidentimiz XII Qlobal Bakı Forumunun açılışındakı çıxışında açıq və aydın şəkildə ifadə etdi: 

“Əslində Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir...” 

İndi qalır gözləmək ki, Ermənistan öz Konstitusiyasını da dəyişsin. Bu da onun üzərində olan və Bakı üçün prinsipial əhəmiyyət daşıyan məsələdir. Məlumdur ki, Ermənistanın hazırkı Konstitusiyasında Azərbaycan ərazisinə iddia ilə bağlı məqamlar və Bakı qətiyyətlə tələb edir ki, Ermənistan öz Konstitusiyasından bu məqamları çıxarsın. İrəvan əslində bununla da bağlı öz razılıq siqnallarını ötürməkdədir. Ermənistanın rəsmi şəxsləri Konstitusiya dəyişikliyinə gediləcəyinə dair fikirlər səsləndirirlər. 

Dəyişsinlər, bu qədər gözləmişik, biraz da gözləyərik. Yetər ki, öhdəliklərini yerinə yetirib yekun sülh sənədini imzalamaq üçün masaya otursunlar. Bu da olacaq, əlbəttə və hər ötən gün bizi həmin tarixi ana yaxınlaşdırır. Bu sənəd təkcə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayacaq. Prezident İlham Əliyevin əsas təşəbbüskarlığı və müəllifliyi ilə bütövlükdə regionumuza əbədi sülh gələcək!- deyə TAİB təsisçisi qeyd edib. 

Nurlana ƏhmədovaMisisya.Az

Chosen
8
missiya.az

1Sources