Qarşıdakı 5 ildə bu marşrutda daşımalar 6 dəfə artacaq
Şərqlə Qərb arasında körpü rolunun oynayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ənənəvi nəqliyyat yollarına alternativ olaraq getdikcə daha çox aktuallıq kəsb edir. Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol sayılan Orta Dəhliz okeanla əlaqəsi olmayan ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından da son dərəcə vacibdir.
Bütün bunlar nəzərə alınaraq Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən bu marşrutun funksionallığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Orta Dəhliz çərçivəsində marşrutun ötürmə qabiliyyətinin sinxron qaydada artırılmasına yönəlmiş genişmiqyaslı yol xəritəsi diqqət çəkir. Sözügedən sənəd Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə vasitəsilə Çindən Avropaya qədər olan ərazini əhatə edir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bugünlərdə mətbuata verdiyi müsahibəsində bildirib ki, Orta Dəhlizin 2027-ci ilə qədər olan dövr üçün nəzərdə tutulmuş 5 illik inkişaf proqramı çərçivəsində yüksək keyfiyyətli nəql və logistika infrastrukturu yaradılacaq. Hazırda dəhlizin imkanlarının genişləndirilməsində əhəmiyyətli irəliləyişin müşahidə edildiyini vurğulayan baş katibin sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Gürcüstan marşrutun səmərəliliyinin artırılması üçün həm texniki inkişafa, həm də təşkilati aspektlərə fəal şəkildə sərmayə qoyurlar.
Yeri gəlmişkən, ekspertlərin qənaətinə görə, Orta Dəhlizi əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün, təxminən, 18,5 milyard avro tələb olunur. Həmin investisiyanın hesabına Mərkəzi Asiyanın bütün beş ölkəsində polad magistralları və avtomobil yolları şəbəkəsinin bərpası, modernləşdirilməsi, heyətin genişləndirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, sərhəd-keçid məntəqələrinin, multimodal logistika qovşaqlarının və köməkçi şəbəkə birləşmələrinin təkmilləşdirilməsi mümkündür. Ümumilikdə isə, iştirakçı ölkələr tərəfindən infrastrukturun modernləşdirilməsi və sinxron inkişafı istiqamətində görülən işlər Orta Dəhlizdə tranzit daşımaların sabit artımını təmin etməyə imkan verəcək.
Elə son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük dövriyyəsinin davamlı olaraq artması da birgə səylərin nəticəsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 63 faizdən çox artaraq 4,5 milyon tona çatıb. Cari ildə avtomobil daşımaları da nəzərə alınmaqla Orta Dəhlizlə ümumi yük daşımalarının həcminin 5,2 milyon tona çatacağı gözlənilir. İl ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasına üzv ölkələrin xətti ilə 4,2 milyon ton yük (2,5 milyon ton quru yük və 1,7 milyon ton neft) daşınacaq.
2027-ci ilədək Orta Dəhlizin ötürmə qabiliyyətini 10 milyon tona çatdırılması nəzərdə tutulur. Bunun üçün isə iştirakçı ölkələrin müştərək səyi tələb olunur. TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimovun sözlərinə görə bu məqsədə çatmaq üçün, ilk növbədə, dar boğazların sinxron qaydada aradan qaldırılması, infrastrukturun modernləşdirilməsi və logistika xidmətinin keyfiyyətinin artırılmasını əhatə edən kompleks yanaşma lazımdır. Əsas istiqamət dəmir yolu şəbəkəsinin, liman infrastrukturunun inkişafı və Xəzər dənizi üzərindən daha səmərəli tranzit üçün fider gəmilərinin sayının artırılmasından ibarətdir. Baş katib onu da bildirib ki, ortamüddətli perspektivdə – 2030-cu ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası daşımaların həcmini 6 dəfə artırmağı və konteyner daşımalarını ildə 300 min TEU-ya çatdırmağı hədəfləyib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmli iştirakçılarından sayılan Azərbaycan dəhlizin funksionallığının artırılmasına mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu və 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda isə 2017-ci ildə istifadəyə verilmiş və Orta Dəhliz vasitəsilə daşımalarda böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur işləri aparılır. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyəli Ələt Dəniz Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulur ki, bu da Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaradacaq.
Yeri gəlmişkən, TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılmasını və Ələt limanının ikinci fazasını Azərbaycanın tranzit potensialının genişləndirilməsinə mühüm töhvə verəcəyini qeyd edib. “Bu gün Azərbaycan Qafqazda əsl regional tranzit mərkəzidir. O, təkcə bu regionda deyil, həm də şərq-qərb və şimal-cənub istiqamətlərində liderdir və çox dinamik inkişaf edir. Bu, şübhəsiz ki, ölkə rəhbərliyinin xidmətidir”, – deyə o əlavə edib. Ölkəmizin Orta Dəhlizin inkişafında aparıcı rol oynadığını və nəqliyyat infrastrukturuna fəal şəkildə sərmayə qoyduğunu bildirən baş katibin sözlərinə görə, bu istiqamətdə reallaşdırılan böyük layihələrdən biri regionun əsas logistika mərkəzinə çevrilən Ələt limanının genişləndirilməsi və modernləşdirilməsi, ölkədə inşa edilən müasir universal bərələr, eləcə də Xəzər seqmentinin imkanlarını artırmaq üçün gəmiqayırma sahəsində reallaşdırılan yeni təşəbbüslər də bu baxımdan diqqət çəkir.
Bütün bu təşəbbüslər isə Orta Dəhlizdə tranzit daşımalarının sürətləndirilməsinə, marşrutun etibarlılığının artırılmasına və Azərbaycanın Şərq–Qərb istiqamətində əsas tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsinə imkan yaradacaq.