Səttar Möhbalıyev: "Novruz bayramı milli bayramımız və milli sərvətimizdir"
“Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin bərpasından sonra ikinci ildir ki, ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır. Sovetlər dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlanması həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütün varlığı ilə inanırdı. Ümummilli Lider 1998-ci ildə etdiyi çıxışlarından birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, torpaqlarımızın 30 illik işğalına son qoydu. Daha iki ildən sonra isə, ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Daha sonra deputat Novruz bayramının fəlsəfəsi və mahiyyəti ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Novruzun mahiyyətində duran fəlsəfi prinsiplərdən biri də dörd ünsür – dörd bayram çərşənbəsi bağlılığıdır. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasına zəmin yaradıb. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Beləliklə, Azərbaycanın beynəlxalq təşəbbüsləri bütün bəşəriyyətin rifahına xidmət edir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.