EN

Azərbaycanda daha bir göl bərpa edilir

Hacıqabul gölü və onun ətraf ərazilərində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirilib.

KONKRET.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Monitorinq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Su Ehtiyatları Agentliyinin yerli nümayəndələrinin iştirakı ilə birgə keçirilib.

Qeyd edilib ki, gölün su ilə qidalanmasını təmin etmək məqsədilə alternativ mənbə kimi nəzərdə tutulan Baş Şirvan kollektorundan və süni balıqartırma gölündən su nümunələri, həmçinin Hacıqabul gölünün su və quru hissəsindən torpaq və su nümunələri götürülərək üzərində kimyəvi və mikrobioloji təhlillər aparılıb.

Nəticələr əsasında Baş Şirvan kollektorunda suyun keyfiyyət göstəricilərinin (çirkləndiricilərin miqdarı, duzluluq və s.) Hacıqabul gölünün suyuna nisbətən yüksək olduğu müəyyən edilib. Buna səbəb Hacıqabul və Şirvan şəhərlərində formalaşan məişət tullantı sularının bir hissəsinin gölə axıdılmasıdır.

“Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli 84 nömrəli Sərəncamına əsasən yenidən qurulması nəzərdə tutulan Şirvan suvarma kanalının son nöqtəsinin Hacıqabul gölünün olması planlaşdırılır ki, bununla da kanal istifadəyə verildikdən sonra Hacıqabul gölü də su ilə təmin ediləcək”,- hesabatda qeyd edilib.

Bildirilib ki, kanalın yenidən qurulması nəticəsində Hacıqabul gölünə Şirvan suvarma kanalından beton üzlüklü kanal vasitəsilə 5 kubmetr/saniyə suyun verilməsi təmin ediləcək. Bu layihə yekunlaşdıqdan sonra Hacıqabul gölünün ekoloji vəziyyətinin tədricən yaxşılaşması gözlənilir.

Chosen
8
konkret.az

1Sources