EN

ABŞ-də dəhşətli hadisə: 32 yaşlı kişi 20 il ərzində ögey anası tərəfindən əsir saxlanılıb

ABŞ-nin Konnektikut ştatında baş verən dəhşətli hadisə qeyri-insani cinayətin neçə illər boyu gizli qala biləcəyini ortaya çıxarıb...

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, 32 yaşlı kişinin 11 yaşından ögey anası tərəfindən evində əsir saxlanıldığı, illərlə zorakılığa və pis rəftara məruz qaldığı məlum olub.

Hadisə evdə baş verən yanğın hadisəsindən sonra ortaya çıxıb. Yanğın tez zamanda söndürülsə də, hadisə yerinə gedən polislər içəridə iki nəfərin olduğunu görüblər. Onlardan biri evin sahibi, 56 yaşlı Kimberli Sallivan, digəri isə şəxsiyyəti açıqlanmayan 32 yaşlı kişi olub. Lakin kişinin son dərəcə zəif və tükənmiş halda olduğu diqqətdən qaçmayıb.

Səlahiyyətlilər tərəfindən aparılan araşdırma zamanı kişi yanğını qəsdən törətdiyini etiraf edib və xilas olmaq üçün bu yola baş vurduğunu deyib.

Həmçinin evdəki otaqlardan birinin qapısında xaricdən qıfılların olduğu aşkarlanıb. Zərərçəkmiş ilkin dindirilmə zamanı 11 yaşından bəri 20 ilə yaxındır ögey anası tərəfindən bu evdə zorla saxlanıldığını və pis rəftar gördüyünü bildirib.

Məlum olub ki, bu illər ərzində o, demək olar ki, heç bir tibbi yardım almayıb, ac saxlanılıb, yetərincə qidalanmayıb, ciddi baxımsızlıq və zorakılıq şərtlərində yaşayıb. Bu səbəbdən də həddindən artıq arıqlayıb və boyunun 1,75 metr olmasına baxmayaraq, çəkisi cəmi 68 kiloqram olub.

Müəyyən edilib ki, kişinin otağı illər ərzində qıfıllarla möhkəmləndirilib və yaşa dolduqca onun hərəkətini çətinləşdirmək üçün təhlükəsizlik tədbirləri görülüb.

Səlahiyyətlilərin açıqlamasına görə, kişinin bioloji anası hələ 2 yaşında olarkən onları tərk edib, əlil arabasında xəstə olan atası isə 2024-cü ilin yanvarında dünyasını dəyişib. Atasının oğlunun yaşadığı dəhşətdən xəbərinin olub-olmadığı isə bəlli deyil.

Həmçinin müəyyən edilib ki, 2005-ci ildə polisə zərərçəkənin uzun müddət əvvəl yoxa çıxdığına dair xəbər daxil olub, lakin o zaman aparılan araşdırmalar zamanı ciddi və şübhəli hal aşkar edilməyib. Ögey ana Kimberli Sallivan və kişinin atası isə o zaman polisə ifadələrində məktəb rəhbərliyinin onlara qarşı yalan ittihamlar irəli sürdüyünü iddia ediblər və hər hansı cinayət məsuliyyətinə cəlb edilməyiblər.

Kimberli Sallivan ögey oğluna 20 il işgəncə verdiyinə görə həbs edilib və adam oğurluğu, fiziki hücum, qeyri-insani rəftar və etinasızlıq maddələri üzrə ittiham olunacaq.

Lakin qadının vəkili onun günahsız olduğunu iddia edib.

"O, oğlunu heç vaxt kilidləməyib, həmişə yemək və sığınacaqla təmin edib. Əsl günahkar zərərçəkənin atası olub", - deyə vəkil bildirib.

Lakin bu iddiaya baxmayaraq, polis zərərçəkənin atasının fiziki qüsurları səbəbindən vəziyyətə necə qarışdığına dair heç bir tutarlı sübut təqdim edə bilməyib.

Polis rəisi Fernando Spaqnolo hadisə ilə bağlı təəccübünü dilə gətirib.

"33 illik karyeramda belə qeyri-insani rəftarın şahidi olmamışam. Bu, bir insanın yaşaya biləcəyi ən pis kabuslardan biridir", - deyə o qeyd edib.

Kimberli Sallivan məhkəməyə çıxarılıb və onun girovluq müqabilində azadlığa buraxılma məbləğinin 300 min dollar olduğu açıqlanıb. Qadın hazırda həbsxanadadır.

Səlahiyyətlilər zərərçəkmiş kişinin fiziki və psixoloji reabilitasiya prosesinə başlanıldığını, lakin 20 illik itirilmiş vaxtın əvəzini ödəməyin çətin olacağını bildiriblər.

Poliqon.info

Chosen
10
1
poliqon.info

2Sources