“Avroviziya-2025″də daha bir qalmaqal yaşanıb və bu dəfə onun mərkəzində Finlandiyanın nümayəndəsi Erika Vikman dayanır.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Avropa Yayım Birliyi (EBU) müğənninin çıxışına senzura tətbiq edib, səbəb isə ifanın həddindən artıq vulqar olmasıdır.
Erika Vikman bildirib ki, EBU ondan nömrəsini dəyişdirməyi və səhnədə daha tərbiyəli görünməyi tələb edib:
“Bu, təkcə bir şey deyil, hər şeydir: geyimim, mahnının məzmunu, səhnədə hərəkətlərim. EBU dedi ki, bu, çox seksualdır. Onlar mənim arxamı örtmək istəyirlər. Biz onların qaydalarına uyğun hərəkət etməli və kostyumu dəyişməliyik. Amma bu, bir qədər ikiqat standart kimi görünür: onlar şounun problemli olduğunu düşünürlər, amma mənim vəzifəm elə “həddindən artıq” olmaqdır”, – finlandıyalı müğənni bildirib.
Lakin Finlandiya yayımçısı hələ ki EBU-dan hər hansı göstəriş və ya qadağa almadıqlarını açıqlayıb. Finlandiya nümayəndəsi ilə bağlı müəyyən müzakirələrin aparıldığı doğrudur, lakin nömrənin və ya geyimin dəyişdirilməsi üçün konkret tələb irəli sürülməyib. Ehtimal olunur ki, sənətçi vəziyyəti düzgün başa düşməyib.
Xatırladaq ki, “Avroviziya-2025” İsveçrənin Bazel şəhərində mayın 13-17-də keçiriləcək.