EN

Azərbaycanda heyvan kəsiminə yaş məhdudiyyətinin qoyulması təklif olunur

Azərbaycanda mal-qaranın kəsilməsinə yaş həddinin təyin edilməsi təklif olunur.

İnterpress.az xəbər verir k, bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb: “Dövlət heyvanların sayının artırılmasından daha çox ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Bu, düzgün yanaşmadır, çünki heyvandarlıq təsərrüfatlarının yaradılması və cinslərin yaxşılaşdırılması günün tələbidir.

Lakin 7-8 kiloqramlıq quzuların və körpə danaların kütləvi şəkildə kəsilməsi heyvandarlığın inkişafına mane olur və bazarda ətin qiymətinin artmasına səbəb olur. Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kiloqram azalması illik qoyun əti istehsalında 8 min ton itkiyə səbəb olur. Azərbaycanda isə bəzi hallarda normadan 2 deyil, hətta 9-10 kiloqram az çəki ilə kəsim aparılır”.

T. Rzayev bildirib ki, Türkiyə və bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, qadağaların tətbiqi və bu qaydaları pozanlara cərimələrin nəzərdə tutulması məqsədəuyğun olardı.

“Bundan başqa, son illər mənşəyi bilinməyən ətlərin satışa çıxarılması zəhərlənmələrə və müxtəlif xəstəliklərə səbəb olur, insanlarda ciddi narahatlıq yaradır. Ət satışı ilə bağlı konkret tələblərin olmaması işbazların bundan sui-istifadə etməsinə şərait yaradır. Bu səbəbdən, ənənəvi olmayan və yeyilməyən heyvanların ətlərinin siyahısının hazırlanması və satışının qadağan edilməsi vacibdir”, – deputat vurğulayıb.

Chosen
13
interpress.az

1Sources