EN

Biləsuvarın Çaylı kəndində içməli su problemi yaşanır- RƏSMİ AÇIQLAMA

Biləsuvar rayonunun Çaylı kəndində sakinlər illərdir içməli su çatışmazlığından əziyyət çəkirlər. Adı “Çaylı” olsa da, kəndin su problemi həll olunmamış qalır. Sakinlər içməli suyu pulla, maşın vasitəsilə almağa məcburdurlar.

“İçməli suyu 20 manata maşınla alırıq”

Kənd sakini Nurəddin Fətullayev bildirir ki, kənd ərazisindən keçən kanalın suyundan istifadə etsələr də, bu su içməyə yararlı deyil. O deyir:

“Kanalda su var, amma içməyə yararlı deyil. İçməli suyu maşın gətirir, biz də kanistrlə alırıq. Bir maşın suyun qiyməti 20 manatdır.”

Sakinlərin sözlərinə görə, kənddə bağ-bostan əkinçiliyi də su çatışmazlığı səbəbindən çətinləşib. Əkilən ağaclar susuzluqdan quruyur, məhsuldarlıq isə getdikcə azalır.

“Qonşu kəndlərə bulaq quraşdırılıb, bəs bizim kənd niyə unudulub?”

Çaylı kəndinin digər sakini Arif Məmmədovun sözlərinə görə, kəndə su təchizatı üçün ölçmə və araşdırmalar aparılsa da, bu, real nəticə verməyib. O bildirir:

“Gəldilər, ölçdülər, biçdilər, amma heç nə icra olunmadı. Ümid edirdik ki, bizim kəndə də bulaqlar quraşdırılacaq, amma bu baş vermədi. İndi içməli suyu Çaxırlı kəndindən maşınla alırıq.”

Kəndin digər sakini Elçin Fətullayev də vəziyyətin acınacaqlı olduğunu vurğulayır:

“Bütün qonşu kəndlərdə bulaq var, amma bizim kənd sanki unudulub. Haraya müraciət ediriksə, nəticə olmur.”

Rəsmi açıqlama

Məsələ ilə bağlı Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, rayonun 17 kəndində modul tipli su təmizləyici qurğu quraşdırılıb. Qalan 8 kənd, o cümlədən Çaylı kəndi, növbəti illərdə bu sistemə qoşulacaq.

Sakinlər isə illərdir bu cür vədlər eşitdiklərini, lakin problemin həll olunmadığını bildirirlər. Onlar aidiyyəti qurumlardan problemin tezliklə aradan qaldırılmasını gözləyirlər.

Chosen
3
news365.az

1Sources