EN

Volkan Bozkır: Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləri nümunədir

Bakı, 14 mart, AZƏRTAC

Türkiyənin şəhərlərin yenidən qurulması və bərpası ilə bağlı təcrübəsi müharibə səbəbindən deyil. Bizim müxtəlif şəhərlərimizdə 3 zəlzələ baş verib, zəlzələ səbəbindən 50 minə yaxın insan həyatını itirib. Ancaq bir çox qonşu ölkədə bu problem müharibə səbəbindən yaranır.

AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunun "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzulu panelində Türkiyə Respublikasının Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır deyib.

O qeyd edib ki, yenidənqurma proseslərində ilk olaraq maliyyə nəzərə alınmalıdır: “Təəssüf ki, yenidənqurmada köməyə ehtiyacı olan dövlətlərə verilən maddi yardımın dörddəbiri vasitəçi təşkilatlara gedir”.

Volkan Bozkır bildirib ki, Türkiyənin yenidənqurma və bərpa təcrübəsi Suriya üçün nümunə olmalıdır. Suriyada qarşıdurmalar səbəbindən infrastruktur olduqca ağır vəziyyətdədir. Ancaq tarix boyu Suriya Yaxın Şərqin təməl dövlətlərindən biri olub. Hazırda Suriya üçün humanitar yardıma ehtiyac var.

“Digər bir nümunə Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləridir. Təəssüf ki, 30 illik işğal dövründə Qarabağ kimi tarixi məkanın mədəni irsinin böyük qismi məhv edilib. Hazırda bərpa prosesi gedir, bunun bağlı Azərbaycanı təbrik etmək istəyirəm. Şəhərlər bərpa olunarkən tarixi abidələr qorunur. Əhalinin Qarabağa qayıtması üçün məktəblər, xəstəxanalar, iş yerləri yaradılır. Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır”, - deyə o əlavə edib.

Chosen
6
azertag.az

1Sources