EN

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

ABŞ-da fəaliyyət göstərən süni intellekt sistemləri istifadəçilər haqqında Çin istehsalı olan "DeepSeek" modelindən daha çox məxfi məlumat toplayır.

Valyuta.az xəbər verir ki, bu barədə "ZDNet" portalının Surfshark araşdırmasına istinadən yazıb.

Yanvar ayında açıq kodlu "DeepSeek" modelinin istifadəyə verilməsi ABŞ-da geniş müzakirələrə səbəb olmuş, Çin startapına məxfilik qaydalarını pozmaqla bağlı çoxsaylı ittihamlar irəli sürülmüşdü. Lakin araşdırmalar göstərib ki, istifadəçi məlumatlarını ən çox toplayan süni intellekt sistemi ABŞ-ın "Google Gemini" modelidir.

Araşdırmaya əsasən, "Gemini" 35 növ istifadəçi məlumatından 22-ni toplayır, bunlara coğrafi mövqe, axtarış tarixi və kontakt siyahıları daxildir.

Süni intellekt sistemləri arasında məxfilik dərəcəsi

Tədqiqat çərçivəsində "Gemini", "DeepSeek", "Copilot" və "ChatGPT" də daxil olmaqla 10 məşhur çat-bot analiz edilib. Məlum olub ki, bu tətbiqlərin təxminən 30%-i toplanan məlumatları üçüncü tərəflərlə, o cümlədən informasiya brokerləri ilə bölüşür.

"Gemini", "Copilot" və "Perplexity" istifadəçilərin geolokasiya məlumatlarını toplayır. "Copilot" və "Poe" isə cihaz identifikatorlarını da izləyərək istifadəçi davranışlarını təhlil edir.

Bütün bu müzakirələrə baxmayaraq, "DeepSeek" sistemlər arasında orta mövqedə qərarlaşıb və 11 növ məlumat toplayır. Bu süni intellekt modeli istifadəçilərə söhbət tarixçəsini silmək imkanı təqdim edir, bu da onu rəqiblərindən fərqləndirir.

Bununla yanaşı, "ChatGPT" 10 növ məlumat toplayır və istifadəçi məxfiliyini artırmaq üçün "müvəqqəti söhbət" funksiyası təqdim edir.

Bu araşdırma süni intellekt sistemlərinin istifadəçi məxfiliyinə necə təsir etdiyini və onların fərdi məlumatlarla necə davrandığını bir daha gündəmə gətirib.

Paşa Məmmədli

Chosen
4
valyuta.az

1Sources