EN

Bakıda tıxac dərdinə çarə - VİDEO 

  Bakıda nəqliyyat infrastrukturuna dair Dövlət Proqramının icrası müzakirə olunub.

"Referans" Xəzər TV-yə istinadən bildirir ki, iclas Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə baş tutub.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə yaradılmış İşçi qrupun iclasında bildirilib ki, paytaxda nəqliyyatın yükünü azaltmaq üçün Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması nəzərdə tutulub.

Bu tədbirlər arasında sərnişinlərin ictimai nəqliyyata olan marağını artırmaq və mənzil başına daha rahat çatmaları üçün 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi də var.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu layihələr icra edilsə, paytaxda nəqliyyatın yükü azalacaq.

Dövlət proqramına əsasən dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası da həyata keçiriləcək. Ərşad Hüseynovun sözlərinə görə, yaxın 5 ildə görüləcək işlərdə yol infrastrukturunun genişləndirilməsi nəqliyyatda mobilliyi artıra bilər.

Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün ərazilərdə monitorinq və qiymətləndirmə də aparılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.


Chosen
67
4
referans.az

10Sources