Konstitusiya dəyişdirilməli, ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməlidir
Təxminən otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinə görə sabitliyi pozulan, təhlükəsizliyə təhdidlərlə üz-üzə qalan Cənubi Qafqaz coğrafiyası hazırda heç vaxt olmadığı qədər sülhə yaxındır. Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələr sayəsində formalaşdırdığı yeni reallıqlar regionda davamlı sülh və əmin-amanlıq üçün fundamental baza qismində çıxış edir. Regionun, xalqların, dövlətlərin gələcəyi naminə bu fürsətdən maksimum dərəcədə istifadə olunmalıdır.
Sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb
Artıq postmüharibə dövründə başlayan sülhyaratma prosesində yeni mərhələyə keçid edildiyi fikrini ifadə edə bilərik. Belə ki, bu günlərdə sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Xəbər verildiyi kimi, sülh sazişi layihəsi bütövlükdə, 17 bənddən ibarətdir. Aparılan ikitərəfli dialoqun nəticəsi olaraq 15 bənd üzrə razılaşma əldə olunsa da, son iki bənd rəsmi İrəvanın manipulyativ mövqe sərgiləməsi səbəbindən uzun müddət idi ki, açıq qalırdı. Nəhayət, bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə öz mövqeyini ölkəmizə çatdırıb. Ona görə də mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd etmək mümkündür. Vurğulamaq yerinə düşər ki, indiyədək razılaşdırılmamış bəndlər bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq və başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.
Sülhyaratma prosesində əldə olunan son razılaşma Azərbaycanın ardıcıl şəkildə prinsipial siyasi iradə ortaya qoymasının nəticəsidir. Məlumdur ki, ölkəmiz qalib tərəf olmasına rəğmən, müharibə başa çatandan az sonra sülh təşəbbüsündən çıxış edib. Azərbaycanın qətiyyətli mövqeyi bellədir ki, nəhayət, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq lazımdır. Region onillikləri əhatə edən münaqişədən sonra rahatlıq tapmalı, nəfəs almalı və ölkələrin potensialı əməkdaşlığa, inkişafa istiqamətləndirilməlidir. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərəfləri sülh üçün müəyyən şərtlər irəli sürürlər, imtiyazlar tələb edirlər. Azərbaycan bu sahədə də bir ilkə imza atmaqla gündəmə gətirdiyi sülh təşəbbüsündə ona hər hansı bir imtiyaz verilməsini istəmədi. Xatırladaq ki, Azərbaycanın ilkin olaraq qarşı tərəfə göndərdiyi beş bənlik sülh paketi sırf ədalət prinsipinə və beynəlxalq hüquq normalarına əsaslanır.
Azərbaycan sülhyaratma prosesində əldə olunan bütün razılaşmaları alqışlayıb. O cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb. “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik”, - deyə sənəddə vurğulanıb.
Bununla belə, məğlub Ermənistan barəsində eyni fikirləri söyləmək mümkün deyil. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dörd ildə sülh sazişi layihəsinin tam həcmdə razılaşdırlmamasının bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Rəsmi İrəvan sülhyaratma prosesinin indiyədək keçilən bütün mərhələlərində çağırışlara etinasız yanaşması ilə diqqət mərkəzində olub. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın diplomatik kanallarla çatdırdığı təkliflər, təşəbbüslər rəsmi İrəvan tərəfindən aylarla cavabsız qalırdı. Sonradan isə bu təşəbbüslərə qarşlıqı etimad quruculuğunu pozmağa hesablanan absurd “düzəlişlər” edilib geri göndərilirdi.
Ermənistanın postmüharibə mərhələsində revanşizm mövqeyindən çıxış etməsi də sülh prosesinə ağır zərbə olub. Müharibədə ağır kapitulyasiyaya uğrayan bu ölkə Fransa kimi dövlətlərin təhriki ilə yeni müharibə hazırlıqları görür. Ermənistanın sülh sazişi layihəsi üzrə son iki bəndi razılaşdırması ilə bu ölkənin sürətlə silahlanma yolu tutması, Fransadan, Hindistandan silahlar alması, sərhəddə hücum məqsədilə xüsusi istehkamlar qurması, havadarları ilə hərbi əməkdaşlığı gücəndirməsi bir araya sığmır. Sual olunur: Sülh prosesinin getdiyi bir vaxtda Ermənistanın hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırması, Avropa İttifaqının sülhə xidmət etməyən sülh fondundan bu ölkəyə hərbi məqsədlər üçün vəsaitlər ayrılması hansı çirkin məqsədlərə xidmət edir? Rəsmi İrəvan həqiqət anını bütün miqyası ilə dərk edərək belə manipulyativ davranışlardan birdəfəlik əl çəkməli və öz məsuliyyətini dərk etməlidir. Bu ölkədə anlamalıdırlar ki, sülh ilk növbədə Ermənistana lazımdır.
Ermənistanın atmalı olduğu növbəti addımlar
İndiyədək açıq qalan iki bənd üzrə razılığını ifadə etməsi heç də Ermənistanın sülhyaratma prosesində səmimi olduğu anlamında qəbul edilə bilməz. Yuxarıda sadalanan faktlar belə qənaətə gəlməyə əsas verir. Eyni zamanda, Ermənistanın atmalı olduğu növbəti addımlar var. Prezident İlham Əliyev bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu məsələyə xüsusi diqqət çəkib. “Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq” deyən dövlətimizin başçısı vurğulayıb: “Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”.
Ermənistanın indiki mərhələdə atmalı olduğu addımlara Azərbaycan XİN-in bəyanatında da vurğu edilib. Sitat: “Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”.
Göründüyü kimi, Azərbaycanın sülhə sadiqliyi prinsipial səciyyə daşıyır, qarşı tərəfə verilən mesajlar konkret və aydındır. Azərbaycan qalıcı və uzunmüddətli sülh istəyir. Sülh sazişinin imzalanması üçün fundamental hüquqi zəmin olmalıdır. Ancaq Ermənistanın konstitusiyasında yer alan bəzi müddəalar özündə ölkəmizə qarşı ərazi iddialarını ehtiva edir. Konstitusiya hər hansı bir dövlətin, o cümlədən də Ermənistanın fəaliyyətlərinin əsas istinad mənbəyidir. Konstitusiya ilə bağlı ziddiyyət ortada ikən sülh sazişinin imzalanması tamam məntiqsiz yanaşma olardı.
ATƏT-in Minsk qrupu il bağlı oxşar məntiqsizlik də ortadadır. Ermənistan rəhbərliyi həmçinin bu prinsipial məsələdən də yayınmağa çalışır. Məsələn, son olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsindən danışıb. Mirzoyanın sözlərinə görə, sülh sazişinin imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyacın qalmadığını demək olar. “Sülh sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institusional olaraq hesab edə bilərik ki, münaqişə sona çatıb”, - deyə o vurğulayıb.
A.Mirzoyanın bu açıqlaması rəsmi İrəvanın sülhyaratma prosesində səmimi olmadığını növbəti dəfə təsdiqləyir. Biz indiki komanda da daxil olmaqla Ermənistan rəhbərlərinin manipulyasiyalarının, verdikləri vədlərdən qaçmalarının dəfələrlə şahidi olmuşuq. Mirzoyanın absurd açqlaması da bu qəbildəndir. Axı nə üçün rəsmi İrəvan reallıqda ölü bir qurum olan Minsk qrupuna süni nəfəs verməyə çalışır və onun de-fakto olduğu kimi, de-yure də ləğvinə səy göstərmir?
Yeri gəlmişkən, sülh sazişi layihəsinin son iki bəndinin razılaşdırması Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Nə qədər təəccüblü görünsə də, iki müharibənin faciələrini yaşamış Ermənistan cəmiyyətində son razılaşma təqdir olunmur, əksinə “ölkənin sənd üzərində kapitulyasiyası” anlamında təqdim edilir. Belə görünür ki, ermənilər “Dəmir yumruq” dərsindən lazımı nəticə çıxarmayıblar və hələ də N.Paşinyanın dilə gətirdiyi “xəyali Ermənistan” xülyasındadırlar. Reallığı dərk etməmək və baş verənlərdən düzgün nəticə çıxartmamaq bir toplumun faciəsidir. Nəhayət, vaxt çatıb ki, ermənilərin ilk növbədə onların özləri üçün zərərli olan ümummilli ideyaları tarixin zibilliyinə atılsın...
Mübariz FEYİZLİ