EN

Azərbaycanda istixanalar yoxa çıxır: Görün səbəbləri nədir

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Xatırladaq ki, ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. 2023-cü ildə ölkədə 3228 vahid istixana fəaliyyət göstərib.

Bu gün Azərbaycanda istixanalar nə dərəcədə rentabellidir? Onların sayının daha da artırılmasına nə mane olur? İstixana işlədənlərin əsas problemləri nədir?

Rusiya bazarını itirə bilərik

Sabiq millət vəkili Rüfət Quliyev istixana işlədənlərin ən böyük probleminin mavi yanacaqla bağlı olduğu qənaətindədir. Onun sözlərinə görə, bu məsələdə sahibkarlara heç bir güzəşt nəzərdə tutulmayıb: “Əslində istixana işlədənlərə tariflərdə müəyyən güzəşt olmalıdır. Çünki bu, sahibkarlıq fəaliyyətidir, onlar yeni iş yerləri yaradır, məhsul istehsal edir, ölkəyə valyuta gətirir, vergi ödəyirlər. Hazırda bizim üçün əsas bazar Rusiyadır. Rusiya da sanksiya altında olduğundan qiymətlər bahadır. Ona görə hələlik istixana sahibləri bu şərtlər daxilində işləyə bilirlər. Amma fəaliyyətlərini genişləndirə bilmirlər. Məsələn, bu gün Rusiya bazarında Türkmənistandan gələn məhsullar daha rəqabətlidir, satışı yüksəkdir. Çünki bu ölkədə qazın qiyməti çox ucuzdur, istixanalar üçün ümumiyyətlə, ucuzdur. Bu baxımdan, məhsulu aşağı qiymətə təklif etmək onlar üçün problem yaratmır. Bizdə də kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə xüsusi rejim tətbiq olunmalıdır. Tutaq ki, istixanalara mavi yanacaq 50 faiz güzəştlə verilə bilər. Başqa heç bir problem yoxdur. Bu addım atılsa, ölkədə istixanaların sayı sürətlə artacaq”.

Yüksək xərc rentabelliliyi aşağı salıb

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, iş adamı Bəşir Quliyev bildirir ki, hazırda istixanaların rentabellilik səviyyəsi çox aşağıdır. Səbəb isə yüksək xərclərdir: “Əsas ixrac bazarımız Rusiyadır. Həmin bazarda həm daxili istehsalçı ilə, həm də digər xarici istehsalçılarla rəqabət artıb. Məsələn, onların sırasında Türkmənistanı qeyd edə bilərəm. Hazırda Azərbaycan pomidoru ilə Türkmənistan pomidoru ciddi rəqabətdədir”.

Assosiasiya sədri hesab edir ki, digər bazarlara çıxış imkanını genişləndirmək üçün həmin bazarlarda tələb yaratmaq lazımdır: “İndi alıcıya bir deyil, on ölkə və yaxud istehsalçı məhsul təklif edir. Ona görə alıcıya seçim etmək rahatdır. Bizim Avropa və digər bazarlara çıxmağımız üçün ilkin mərhələdə qısamüddətli logistika dəstəyi lazımdır. Məsələn, hazırda Polşa bizim məhsulları alır. Almaniyanın bir hissəsi də məhsullarımızı ala bilər. Amma oraya gedib çıxmaq üçün bizə güclü tələb gəlmir. Çünki təklifimiz orada seçilmir. Ölkələrin təklifi ya bizim qiymət səviyyəmizdədir, ya da daha ucuzdur. Məsələn, bizim daşıma xərclərimizlə bağlı hansısa bir qısamüddətli dəstək layihəsi işlənilərsə, o təkan verər ki, məhsullarımız həmin ölkələrə axsın və nəticədə tələb yaransın. Tutaq ki, daşıma xərcində 50 qəpik dəstəyin olması o deməkdir ki, sən bazarda məhsulu 50 qəpik ucuz təklif edirsən. Artıq bu, oradakı alıcılara cəlbedici gəlir. Onlar məhsulu almağa başlayır, alandan sonra öyrəşirlər və tələb yaranır. Bazarı genişləndirməyin yeganə yolu budur”.

“Hökumətə təkliflər göndərmişik”

İş adamı onu da qeyd edir ki, Rusiya bazarı Azərbaycan istehsalçıları üçün aktuallığını həmişə saxlayacaq: “Biz bu bazarı əldən buraxıb hansısa bazarlar axtarmamalıyıq. Mövcud bazarı qoruyub paralel olaraq yeni bazarlar axtarmalıyıq. Yaranan hər bir problemə qarşı ünvanlı hərəkət planı tərtib olunmalıdır. Bizim rəqabətə davamlılığımızı artırmaq üçün qısamüddətli dəstək verilməlidir. Tutaq ki, ixrac olunan məhsullara maya dəyərini formalaşdıran ƏDV hissəsi qaytarıla və yaxud ixrac olunan məhsula subsidiya verilə bilər. İndi bazarda Türkmənistan məhsulları ilə bağlı problemi yaranıb. Onu araşdırmaq lazımdır ki, onların maya dəyəri niyə bizdən aşağıdır. Bizdə olan məlumata görə, onlarda qaz istixanalara demək olar ki, pulsuz verilir. İşçi qüvvəsi ucuzdur, vergilərdən də azaddırlar və hansısa digər formalarda dəstəkləri var. Onlarda istixanaların sayının və məhsul istehsalının artması Azərbaycanın bazar payını azaldır. İndi bu vəziyyətdən bütün yerli istehsalçılar narahatdır. Biz mövcud vəziyyətlə bağlı hökumətə təkliflər göndərmişik. Hazırda təkliflərimiz araşdırma mərhələsindədir”.

“Bir hektara 1.5 milyon manat vəsait lazımdır”

Aqrar məsələlər üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Azərbaycanda istixanaların sayının artırılması üçün kifayət qədər potensial mövcuddur: “İstixana elə bir kənd təsərrüfatı sahəsidir ki, burada torpaq faktoru rol oynamır. Sadəcə, ərazi lazımdır. Bu gün dünyada müasir istixanalar geniş yayılıb. Onlardan ən geniş yayılmışı hidroponik becərmə sistemləridir. Hidroponik becərilmə üsulunda stellaj tipli əkin aparılaraq istixana ərazisindən daha səmərəli istifadə olunur. Yəni, bu sistemdə münbit torpağa ehtiyac yoxdur, sadəcə sistem günəşin bol olduğu ərazidə qurulmalıdır. Eyni zamanda, ərazini mavi yanacaqla təmin etmək imkanı olmalıdır. Bizdə həm kifayət qədər yanacaq, həm də boş torpaq sahələri mövcuddur. Məsələn, Hacıqabul, Kürdəmir istiqamətində xeyli istifadəyə yararsız şoran torpaqlar var. Əkinə yararsız torpaqlarda bu təsərrüfatları qurmaq mümkündür. Sadəcə, bu istiqamətdə təşviqedici proqramlar olmalıdır ki, fermerlərin marağı artsın. Çünki bu komplekslərin qurulması heç də ucuz başa gəlmir. Müasir istixana sistemini qurmaq üçün 1 hektara təxminən 1-1.5 milyon manat vəsait lazımdır”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən istixanaların çoxu kustar üsulla hazırlanıb. Müasir istixana kompleksləri əsasən, Bakı, Sumqayıt, Yevlaxda yerləşir və ümumi istixanaların cəmi 20 faizini təşkil edir. ("Kaspi" qəzeti)

Chosen
5
1
news24.az

2Sources