EN

ABŞ Ukraynaya ərazilərini işğaldan azad etməyə kömək edə bilər- ŞƏRH

Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina deyib ki, Ukrayna istənilən vaxt mineral ehtiyatlara dair ABŞ ilə müqavilə imzalamağa hazırdır.
“Müqavilə hazırdır, mətnə heç bir dəyişiklik edilmir. Danışıqlar bitib. Sadəcə, Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə qərar verməyib. Ukrayna istənilən vaxt imzalamağa hazırdır”, - o deyib.
Məlum olduğu kimi, ABŞ uzun müddətdir ki, Ukraynanın mineral ehtiyatlarını mənimsəmək uğrunda mübarizə aparır. Ağ Ev buna əsas kimi Ukraynaya verdiyi pulun nəticə vermədiyini və indi həmin vəsaiti geri almaq istədiyini bildirir. 
Vaşinqton sözügedən sənədi imzalamaq üçün Kiyevə təzyiq etməkdən, onu hədələməkdən də çəkinmir. 

Buna ən bariz nümunə kimi ABŞ Prezidenti Donald Trampın fevralın 28-də Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra “Zelenski hələ sülhə hazır deyil, hazır olanda Ağ Evə yenidən qayıdacaq” fikrini göstərmək olar. Bu, əslində Trampın təhdinin diplomatik dillə ifadəsi və atacağı addımların anonsu idi. Həmin görüşdən sonra ABŞ Ukraynaya hərbi dəstəyi və kəşfiyyat məlumatlarını ötürməyini dayandırması əslində təəccüblü olmadı. Beləliklə, Tramp rəsmi Kiyevi daha çətin vəziyyətə salmağa və özünün dediyi Zelenskini yenidən Ağ Evə gətirməyə çalışdı. 

Ukrayna çətin durumda olduğunu özü də başa düşür. Zelenski administrasiyası bu gün faktiki olaraq fakt qarşısında qalıb. Rəsmi Kiyev iki yolu var. Bunlardan birincisi, ABŞ-la sazişi imzalamamaq, Vaşinqtona qarşı çıxmaq və nəticədə dəstəkdən məhrum olmaqdır. Belə olsa, Ukrayna Rusiya ilə bacarmayacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, Tramp hakimiyyəti Kremlin “əlinə oynayır”. 

İkinci variant budur ki, Ukrayna ABŞ-la sazişi imzalayacaq və nəticədə dəstək bərpa olunacaq. Hərçənd bu, sadəcə Kiyevin ümid etdiyidir. Sənəd imzalanandan sonra Vaşinqtonun mövqeyinin necə dəyişəcəyini indidən dəqiqləşdirmək çətindir. 
Amma belə bir ehtimal da var: sazişin imzalanacağına dair əminlik yaranarsa, ya qollar çəkilməzdən əvvəl, ya da sonra ABŞ Ukraynaya müəyyən ərazilərini, xüsusilə təbii sərvətlərlə zəngin ərazilərini azad etməyə kömək edə bilər. Beləliklə, ABŞ həmin torpaqların da təbii sərvətərini mənimsəmiş olacaq. Əlbəttə, bu proses başlanmazdan əvvəl Rusiya ilə razılıq əldə olunacq. Əks halda bütün plan pozula, Rusiya ABŞ-a qarşı çıxa bilər. 
Bütün hallarda rəsmi Kiyevin işi getdikcə çətinləşir. Bu, Zelenskinin istefası ehtimalını artırır. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...

Chosen
17
sitat.info

1Sources