Bakı, 15 mart, AZƏRTAC
XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələrdəndir. Düşünürəm ki, yeni texnologiyalar, həmçinin süni zəka (AI) elmə və insanlara xidmət etməli, bəşəriyyətə yalnız fayda verməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev XII Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclasında çıxışında deyib.
“Aparılan araşdırmaya əsasən, hazırda inkişaf etmiş ölkələrdə 62 faiz gənc süni zəkadan istifadə edir. Dünya şirkətlərinin 82 faizi süni zəkadan istifadə edəcəyini bəyan edib. Burada bu sahənin idarə olunması və ya idarə olunmaması, nəzarətə götürülməsi, riskləri və təhlükəsizlik kimi məsələlərin ortaya çıxdığını görürük. Çox şadam ki, Avropa İttifaqı bu məsələləri düşünür. Silikon Vadisində bir sıra böyük şirkətlər bu məsələləri darıxdırıcı hesab edir. Lakin biz texnologiyalardan etik şəkildə istifadəsinin tərəfdarıyıq. Buradan ABŞ-ın Prezidentinə müraciət edib deyirəm ki, gəlin, Avropa İttifaqının bu təşəbbüsünə və fəaliyyətinə qoşulun, bu sahədə bütün dünya üçün ümumi qaydalar yaradaq ki, rahat yaşayaq”, - deyə Rozen Plevneliyev əlavə edib.