Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayır.
SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında bildirilib. Qeyd edilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır: "Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”.
Xatırladaq ki, martın 13-də Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb. Hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.
Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.