EN

Anar Quliyev: “Azərbaycan regionda şəhərsalmanın yeni modelini təqdim etməyi hədəfləyir”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 14-də XII Qlobal Bakı Forumunun Sülh üçün yenidənqurma – münaqişədən sonra yenidənqurma və regional sabitlik” mövzusunda keçirilən panel müzakirələrdə iştirak edib.

KONKRET.az xəbər verir ki, müharibə nəticəsində Azərbaycana dəyən zərər və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən ətraflı bəhs edən Anar Quliyev bildirib ki, ölkəmiz “Daha yaxşı yenidənqurma” prinsipinə əsaslanaraq ekoloji cəhətdən dayanıqlı və inklüziv şəhərlər yaratmaqla regionda davamlı urbanizasiyanın və iqtisadi inkişafın yeni modelini təqdim etməyi hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin qabaqcıl dünya təcrübəsi əsasında sürətlə həyata keçirildiyini deyən Komitə sədri Azərbaycanın şəhərsalma və memarlıq sahəsində mühüm beynəlxalq platformalarda fəal iştirakını da vurğulayıb. O, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında keçiriləcək 3-cü Milli Şəhərsalma Forumunun və 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bu sahədə yeni perspektivlər açacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersinin moderatorluğu ilə keçirilən sessiyada Nigeriya Federativ Respublikasının sabiq Prezidenti Olusequn Obasanjo, Moldova Respublikasının sabiq Baş naziri Natalia Qavrilita, Qırğızıstan Respublikasının sabiq Baş naziri Comart Otorbayev və digər rəsmilər çıxış ediblər.


Chosen
23
konkret.az

1Sources