EN

Real TV-nin 7 yaşı tamam olur

Bu gün Real TV-nin 7 yaşı tamam olur.

AzEdu.az xəbər verir ki, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə xəbər kanalı kimi formalaşan Real TV öz tamaşaçı kütləsini operativ və dəqiq xəbərlərlə təmin edir.

Qeyd edək ki, Real TV Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır. Real TV əvvəlcə 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayıb.

Həmin ilin martın 5-də isə o zamankı Milli Televiziya və Radio Şurasının (indiki Audivizual Şura) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Şuranın qərarına əsasən, Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Televiziya martın 5-də test yayımına başlayıb. Martın 15-də, saat 08:00-də isə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb.

23 aprel 2019-cu ildə Real TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

Kanal kabel televiziyalarında, həmçinin peyklə yayımlanır.

AzEdu.az kollektivi Real TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!

Chosen
5
3
azedu.az

4Sources