EN

“Hökumətin hesabatında iqtisadi göstəricilər ölkədə siyasi sabitliyin, təhlükəsizliyin və sosial təminat üçün güclü bazanın olduğunu göstərir”

Milli Məclisin deputatı, hüquq elmləri doktoru və professor Samir Vəliyev Sabahinfo.az saytının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

-Samir müəllim, bir neçə gün öncə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə dinlənildi və hesabat müzakirələrdən sonra qəbul edildi. Hökumətin hesabatına münasibətinizi bilmək maraqlı olardı…

-Hər şeydən öncə belə bir hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığın bir nümunəsidir. Görülən fəaliyyət barədə millət vəkillərinə hesabatın verilməsi hökumətin öz işinə məsuliyyətlə yanaşdığını göstərir. Hesabatın müzakirəsi sağlam müstəvidə, obyektiv şəkildə keçirildi. Onu da qeyd edim ki, Nazirlər Kabinetinin hesabatında təqdim olunan iqtisadi göstəricilər, əks olunan rəqəmlər ölkədə siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın təmin edillməsi üçün güclü bazanın olduğunu deməyə əsas verir. Dünyada baş verən müharibə və münaqişələr, siyasi böhran fonunda ölkəmizdə müşahidə olunan siyasi sabitlik və iqtisadi inkişafın səbəbləri hökumətin hesabatında, açıqlanan rəqəmlərdə öz əksini tapıb. Ümumi daxili məhsul istehsalının 2023-cü ilə nisbətdə 4,1 % artımı, qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər yüksək qiymətləndirilməlidir. Adambaşına düşən ÜDM-in həcmi artan templə davam edir. Sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması sənaye sahəsində olan inkişafdan xəbər verir. Ötən il turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payını 2,4 faizə çatdırıb. Hesabatda ən diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji istehsalı və infrastrukturunun inkişafı sahəsində əldə olunan uğurlardır. Alternativ və ənənəvi enerji ehtiyatlarının şaxələndirilməsi ölkəmizin regionun enerji təhlükəsizliyində oynadığı rolunun əhəmiyyətini göstərir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”ni müəyyən edib. Azərbaycan “yaşıl ixrac” kabelinin əsas müəlliflərindən biri kimi “yaşıl enerji” layihələrinin icrasını sürətnləndirir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsinə dair sazişin imzalanması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin əsasının qoyulmasında da əsas təşəbbüskar ölkə bizik. Ekoloji tarazlığın qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün hazırlanmış dövlət proqramları etibarlı təminat yaradır. Qarabağda və Şərqi Zəngəzurda görülən işlər, keçmiş məcburi köçkünlərin öz dogma yurdlarına qayıdışının təşkili, onlara göstərilən dövlət qayğısı hökumətin fəaliyyətinə qiymət vermək üçün əsas indiqatorlardan biridir. Hesabatın ayrı-ayrı istiqamətləri parlamentdə deputatlar tərəfindən müzakirə olundu və konkret təkliflər də irəli sürüldü. Hansısa bir sahə ilə bağlı tənqidi yanaşmaların olmasına da təbii yanaşmaq lazımdır. Amma ümumilikdə hökumətin ötən il üçün fəaliyyəti yüksək qiymətləndirildi.

- Bakı daha bir beynəlxalq səviyyəli mötəbər tədbirə ev sahibliyi etməkdədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun ölkəmiz üçün, həm də qlobal miqyasda əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Hər şeydən öncə XII Qlobal Bakı Forumu Azərbaycanın nüfuzu, ölkəmizə olan diqqət və hörmətdən xəbər verir. Forumda hazırda fəaliyyətdə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi. Forum beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışındakı çıxış edərək ölkəmizin iqtisadi potensialı, gələcək planları, Ermənistanla münasibətlər barədə işrtirakçılara məlumat verdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına bərabər olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan 12 ölkəyə təbii qaz satır ki, onlardan 10-u Avropa ölkəsidir. Dəmiryolu vasitəsi ilə ölkəmizdən keçərək Avropaya daşınan yüklərin həcmində də son illər nəzərəçarpacaq artım var. Bakı Forumunda ölkə başçısı COP29-un uğurlarına toxunaraq qeyd etdi ki, 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus əldə olundu. Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. COP29 ərədəsində Azərbaycan Qərb mediasının, xüsusilə də, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi media resurslarının qarayaxma kampaniyasına məruz qaldı. Bu o mətbu orqanlardır ki, ABŞ Prezidenti Donald Trampın özü onları yalan, saxta xəbər daşıyıcıları adlandırır. Azərbayacanın öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb dairələri bizi qaralamağa başladılar. Bizim mübarizəmiz ədalətə, beynəlxalq hüquqa söykənirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini icra etdik. Bakı Qlobal Forumu kimi mötəbər tədbirin tribunasından bu fikirlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır. Azərbaycan dünyada cərəyan edən iqtisadi-siyasi proseslərdən kənarda qalmaq niyyətində deyil. Bakı dünyanın yeni düzənində özünəməxsus yer tutmaq üçün çox ciddi addımlar atır.

-Azərbaycan-Ermənistan arasında sülh danışıqların başa çatdığı və demək olar ki, bütün bəndlərin razılaşdırıldığı qeyd olunur. Siz yaxın vaxtlarda iki ölkə arasında sülh sazişinin imzalanmasını mümkün sayırsınız?

-Hazırda Ermənistan və Azərbaycan sülh razılaşmasına çox yaxındır. Ermənistan öz üzərinə düşən öhdəliklərə əməl etməlidir. Naxçıvanla Qərb rayonlarımız arasında nəqliyyat dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Misnk qrupu buraxılmalı və avropalı müşahidə missiyası sərhədlərimizdən kənarlaşdırılmalıdır. Qeyd olunan bu məsələlərin həlli ilə bağlı Ermənistandan müsbət siqnallar alırıq. Eyni zamanda narahatlığımız yenə də qalmaqdadır. Xüsusilə də, Fransanın Ermənistanı ölümcül silahlarla təmin etməsi Cənubi Qafqazda sülhə təhdiddir. Həqiqətən də, Ermənistan əgər sülh istəyirsə, bu qədər silahlanmanın səbəbinə aydınlıq gətirməli və buna izahat verməlidir. Müharibədə məğlub olan və eyni zamanda sülh istəyən ölkə sürətlə silahlanırsa, bu bizdə narahatlıq yaratmaya bilməz. Digər məsələ, Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışı ilə bağlı da məsələlər öz həllini tapmalıdr. Ermənistandan 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlının qayıdış hüququnun təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Beynəlxalq hüquq Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışına təminat verir. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. Qarşılıqlı etimadın yaradılması üçün Qərbi azərbaycanlıların qayıdışı mühüm şərtdir. Regional təhlükəsizliyə və uzunmüddətli firavanlığa yol açacaq sülh danışıqları nəticə etibarı ilə Cənubi Qafqazda sülh və sabitliyə xidmət edəcək.

-Siz həm də Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Portuqaliya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirmək olar?

-Azərbaycan ilə Portuqaliya arasında diplomatik münasibətlər 32 il öncə qurulub. İqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrimiz son illər inkişaf edib. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənməkdədir. Turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Bunun üçün əməli addımların atılmaqdadır. Milli Məclisdə Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun mövcudluğu da ölkəmizin bu ölkə ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olmasından xəbər verir. Ötən ilin noyabr ayında Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən ölkəmizdə səfərdə olan Portuqaliya parlament nümayəndə heyəti ilə görüşdüm. Görüşdə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov və Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Martins və digər rəsmi şəxslər iştirak edirdilər. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə əsasə müzakirə olunan məsələ iqlim dəyişmələrinin mənfi təsirləri ilə bağlı oldu. Görüşdə ölkələrimiz arasında əlaqələrin güclənməsi üçün güclü potensialın olduğunu bildirdik və görüşlərin intensivliyinin artırılmasının vacibliyi barədə mövqeyimizi ifadə etdik. Azərbaycan-Portuqaliya münasibətlərinin genişlənməsi üçün parlamentlərin rolu çox böyükdür. Portuqaliya Parlamentində də Azərbaycanla dostluq qrupunun yaradılmasını vacib hesab edirik.

-Samir müəllim bir Millət vəkili olaraq seçicilərlə işinizi necə qurursunuz?

-Mənim üçün dövlətimizin, xalqımızın maraqlarını müdafiə etmək, seçicilərimin problemlərinin dinləmək və onların həlli istiqamətində addımlar atmaq hazırkı fəaliyyətimin əsasını təşkil edir. Milli Məclisdə on minlərlə seçicini təmsil etmək təbii ki, böyük məsuliyyətdir. Öz məsuliyyətini dərk edən biri kimi heç zaman seçicilərlə görüşümü təxirə salmamışam, onların probleminə, şikayətinə biganə qalmamışam. Seçicilərlə sonuncu görüşüm bir neçə gün öncə - martin 13-də olub. Görüşdə seçicilərimin müraciətlərini dinlədim, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edildi, digərləri isə aidiyyatı qurumlara yönləndirildi. Vətəndaşlarla növbəti görüşüm aprelin 8-i YAP Nərimanov rayon təşkilatınının inzibati binasında keçiriləcək. Deputat olduğum dairənin ərazisində yaşayan hər bir şəxs həmin günü görüşdə iştirak edib, öz problemini, şikayətini səsləndirə bilər. Bununla belə həftənin bütün günlərində mənim otağımın qapısı seçicilərimizin üzünə açıqdır. Onlar mənim və köməkçimin telefon nömrələrini bilirlər. İstənilən zaman zəng edib problemlərini diqqətə çatdıra, müraciətlərini edə bilərlər. Onu da deyim ki, heç bir müraciəti diqqətdən kənarda qoymuruq. Problem həll olunana qədər vətəndaşa öz köməkliyimizi göstəririk.

Ədil Ədilzadə

Chosen
10
sabahinfo.az

1Sources