EN

Dani Olmo: “Özümü xorvat yox, həmişə ispan hesab etmişəm”

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Dani Olmo Xorvatiya yığmasını deyil, məhz İspaniya yığmasını seçməsini əsaslandırıb.

Arena.az Olmonun müvafiq qənaətini təqdim edir:

“Mən ispanam, həmişə özümü ispan hesab etmişəm. Xorvatiyada mənə gələcəklə bağlı zəmanət verirdilər, amma mən bir gün İspaniyada çıxış etmək imkanımın olacağını bilirdim”, deyə Olmo vurğulayıb.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dani Olmo cari mövsümdə “Barselona”nın heyətində 26 oyuna çıxıb, 7 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Dani Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Chosen
8
arena.az

1Sources