EN

"Starbucks" 50 mln. dollar təzminat ödəyəcək - Məhkəmə qərarı

Kaliforniya məhkəməsi cümə günü "Starbucks" şirkətini qaynar içkinin qapağının düzgün bağlanmaması səbəbindən ağır yanıq xəsarətləri alan bir çatdırılma sürücüsünə 50 mlb. dollar təzminat ödəməyə məcbur edib.  

Valyuta.Az "CNN"ə istinadla xəbər verir ki, məhkəmə sənədlərinə görə, Maykl Qarsiya adlı sürücü 2020-ci ildə Kaliforniya Ali Məhkəməsində qaldırdığı iddiada Los-Ancelesdə avtomobil sürücüləri üçün nəzərdə tutulmuş sifariş məntəqəsindən içkiləri götürərkən üzərinə qaynar içki töküldüyünü bildirib. Hadisə nəticəsində onun cinsiyyət orqanlarında ciddi yanıq, deformasiya və sinir zədələnməsi baş verib. İddiada "Starbucks" şirkəti içkilərin qapaqlarını düzgün bağlamamaqla təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunub.  

Qarsiyanın vəkili Maykl Parker bildirib ki, müvəkkili üç içki götürüb və onlardan biri lazımi qaydada konteynerə yerləşdirilməmişdi. Barista sifarişi Qarsiyaya təqdim edərkən içkilərdən biri konteynerdən çıxaraq onun üzərinə tökülüb.  

Məhkəmə sənədlərində qeyd olunur ki, Qarsiya fiziki ağrı, mənəvi iztirab, həyat keyfiyyətinin azalması, alçaldılma, narahatlıq, kədər, deformasiya, fiziki məhdudiyyətlər, həyəcan və emosional gərginlik kimi zərərlərlə üzləşib.  

"Starbucks" məhkəmə qərarına etiraz edəcəyini açıqlayıb.  

“Cənab Qarsiyanın yaşadığı vəziyyətə görə təəssüf hissi keçiririk, lakin bu insidentdə günahkar olduğumuz barədə münsiflər heyətinin qərarı ilə razı deyilik və təyin olunan təzminat məbləğini normadan artıq hesab edirik,”– deyə şirkət sözçüsü bildirib. “Biz mağazalarımızda, o cümlədən qaynar içkilərin təqdim edilməsi prosesində hər zaman ən yüksək təhlükəsizlik standartlarına riayət etməyə sadiq olmuşuq.”

Bu hadisə 1994-cü ildə "McDonald's" şirkətinə qarşı qaldırılan və geniş rezonans doğuran məhkəmə işini də xatırladıb. Həmin iddiada bir qadın qaynar qəhvəni üstünə tökərək üçüncü dərəcəli yanıq xəsarətləri almış və ilkin olaraq təxminən 3 milyon dollar təzminat qazanmışdı. 

Rəhim

Chosen
17
valyuta.az

1Sources