EN

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi dünyaya dövlətimizin və onun liderinin gücünün açıq bəyanı idi

Azərbaycan son illərdə qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Azərbaycanın belə möhtərəm tədbirlərə

evsahibliyi etməsi onun beynəlxalq nüfuzunun artmasına, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə verməsinə şərait yaradır.

Dünyanın hər yerindən siyasətçiləri və ekspertləri bir araya gətirən aparıcı tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə sayca 12-ci dəfə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” adlı forumda bəşəriyyəti narahat edən aktual problemlər müzakirə edildi, çıxış yolları axtarıldı, müvafiq təkliflər və tövsiyələr səsləndirildi.

Əlbəttə, müasir dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ümumi həll yollarının tapılması üçün təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzsizdir. Bu kontekstdə XII Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm platformaya çevrilib. Forum müxtəlif ölkələrin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirir, qlobal gündəmdəki aktual məsələlərin müzakirəsinə şərait yaradır. Mədəniyyətlərarası və dinlərarası anlaşmanı fəal dəstəkləyən və davamlı inkişaf və sülh sahəsində təşəbbüslər irəli sürən Azərbaycanın evsahibliyi etdiyi bu dəfəki forumda da 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak etdi.

Forum çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu, regional və qeyri-regional ölkələrə mühüm mesajlar ünvanladı. Dövlət başçısı forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. 

Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəsi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. 

Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu cümlələrdən aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Dövlət başçısının belə qəti fikir söyləməsi onunla bağlıdır ki, Azərbaycan müsqətillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı, Prezidentin qeyd etdiyimi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. 

Dövlət başçısının müsahibəsində diqqət çəkən məsələlərdən biri də onun Cənubi Qafqaz regionu barədə fikirləridir. Bu gün region çox məsuliyyətli mərhələdən keçir. Regionun ən təhlükəli problemi- Qarabağ münasiqəşi həll olundu və müşahidə edilən proseslər Azərbaycanın formalaşdırdığı yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın sülh gündəminə sadiq qalmasını və regionda davamlı sülhün yaradılması üçün adekvat addımlar atmasını gözləyir. Barışığa doğru addımlar atmaq lazımdı və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik real addımlarla təmin olunmalı, gücləndirilməlidir. Prezident bir daha xatırlatdı ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışılmalıdır. 

Bir sözlə, Prezident bir daha Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursu tutduğunu və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını ortaya qoydu. 

İlham Əliyev həm prezident, həm xalq lideri kimi dövlətimizin qüdrətini ifadə etməklə yanaşı, həm də qlobal siyasi proseslərin mükəmməl bilicisi kimi dünyaya ən gerçək diplomatik reallığı anlatdı. Bütün münaqişələrin gərginləşdiyi bir zamanda Qarabağın azad edilməsindən tutmuş qlobal böhran şəraitində iqtisadi yüksəlişə nail olan, hətta super gücləri belə milli maraqlarımızla hesablaşmağa məcbur etməsi ilə Prezident bu mükəmməl diplomatik nəzəriyyəsinin praqtik uğurunu da göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi dünyaya dövlətimizin və onun liderinin gücünün açıq bəyanı idi.

 

Rəşad Mahmudov, 

Milli Məclisin deputatı

Chosen
16
xalqqazeti.az

1Sources