Arzuladığı bədən quruluşuna qovuşmaq üçün əməliyyat etdirən qadın 16 gün sonra evində dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıtda baş verib.
34 yaşlı Pərvanə Mirzəyevanın əməliyyatdan sonra səhhətində ağırlaşmalar baş verib. Nəticədə o, öz evində vəfat edib.
Mərhumun ailə üzvləri mikrofonumuza danışmaq istəməsələr də, iddia edirlər ki, Pərvanə Mirzəyeva “Etalon Hospital”da əməliyyat səbəbindən dünyasını dəyişib.
Hospitaldan əməliyyatın hansı həkim tərəfindən, hansı şəraitdə aparıldığına, əməliyyatdan sonra xəstənin vəziyyətinin necə olmasına dair ətraflı məlumat öyrənmək istəsək də, xəstəxanadan bizə cavab verəcək kimisə tapa bilmədik.
Hospitalın direktoru Nizami Mehdizadə ilə telefon əlaqəsi yaratdıq. O bildirdi ki, Pərvanə Mirzəyeva xəstəxanaya müraciət etdiyi son günlərə qədər səhhətində heç bir problem olmayıb.
Cərrahi əməliyyatı icra edən həkimin kim olduğunu isə öyrənə bilmədik.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.