İsrailin baş naziri Benyamin Netanyahu Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Barı istefaya göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə İsrail baş nazirliyindən açıqlama verilib.
Məlumata görə, Netanyahu Bar ilə görüşərək, bu həftə vəzifəsinə xitam vermək üçün hökumətə qərar layihəsi təqdim edəcəyini bildirib. Qeyd olunub ki, Barın vəzifəsindən azad edilməsi üçün səs veriləcək kabinet iclası çərşənbə günü keçiriləcək.
"Yeddi cəbhədə müharibənin ortasındayıq. Hər zaman, xüsusilə belə bir müharibədə baş nazir Şin Bet rəhbərinə tam etibar etməlidir", - deyə Netanyahu videomüraciətində söyləyib.