EN

Naxçıvan Dövlət Universitetində media brifinq keçirilib

"Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirilib.

Brifinqdə çıxış edən Elbrus İsayev NDU-da elmi fəaliyyətin və tədrisin təşkili, tələbəyönümlü təhsil proqramları, beynəlxalq elm mühitinə inteqrasiya imkanları, ötən dövr ərzində müvafiq Dövlət proqramının icrası istiqamətində reallaşdırılmış layihələr və görüləcək işlər, tədris prosesinin elektronlaşması,  əsas strateji inkişaf prioritetləri, universtetin beynəlxalq reytinqlərdə mövqeyi və təhsilin digər aktual mövzuları barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti ölkədə yeganə kampuslu universitet olub 10 fakültə, 45 kafedra, Magistratura və doktorantura mərkəzi, Əcnəbi tələbələrlə iş və hazırlıq mərkəzi, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəbi) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsidir.  

Naxçıvan Dövlət Universitetinin beş illik strateji inkişaf planından bəhs edən rektor 2023-2027-ci illəri əhatə edən  əsas strateji inkişaf prioritetləri kimi təhsil, tədqiqat, beynəlmiləlləşmə və resurslar müəyyənləşdirildiyini, ümumilikdə ali təhsil ocağının tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb. Universitetin son 5 illik fəaliyyət dövründə əldə olunan nailiyyətlərdən söz açıb, xüsusilə 2024-cü ildə bütün istiqamətlərdə irəliləyişlər olduğunu, yüksək göstəricilər qeydə alındığını diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü ildə  universitet tarixində ilk dəfə olaraq 2 198 nəfər tələbə məzun olub. 

Rektor Naxçıvan Dövlət Universitetinin 2024-cü ildə növbəti 5 illik fəaliyyətinə lisenziya verilməsi üçün TKTA tərəfindən akkreditasiya olunduğunu bildirib.

Vurğulayıb ki, hazırda NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil olmaqla 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var. Əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında  sıralamada öndədir və NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Universitetdə Azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisaslar da var. 

Rektor bildirib ki, universitetdə təhsilin dörd istiqaməti üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Ali təhsil ocağında kadr hazırlığı ilə 561 nəfər professor-müəllim heyəti məşğul olur. Hər il də elmi dərəcəlilərin kadr potensialı artır ki, 2024-cü ildə bu rəqəm 232  nəfərə çatıb. 2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 34% idisə, hazırda bu 41%-dən çoxdur. Təkcə son ildə universitetdə əməkdaşların sayı  10%-dək artıb, bunun da orta hesabla 50%-i elmi dərəcəlilər təşkil edib. Həmçinin 2024-cü ildə NDU alimlərinin Scopusda indekslənmiş məqalələrinin sayı 2023-cü illə müqayisədə 5 dəfə, Web of Science-də indeksləşmiş nəşr sayı 2 dəfə artıb. 

NDU həm ölkə, həm də respublika səviyyyəli konfransların təşəbbüsçüsü və ev sahibi kimi böyük layihələrə imza atıb. 2024-cü ildə 27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü beynəlxalq, 13-ü respublika, 1-i ali məktəb daxili elmi tədbirlər olub. “Qərbi Azərbaycana qayıdış”, “Tibbi forum”,“Apiterapiya və təbiət”, “İpək yolu”,  “Azərbaycan Psixoloqlar Forumu”, “Süni intellekt: nəzəriyyədən praktikaya” kimi layihələr xüsusilə diqqət çəkib.  Naxçıvan MR-nın 100 illiyi ilə əlaqədar universitetdə konfrans, konqres, festival və digər təşkilati tərkibli  37 tədbir baş tutub.  Cop 29 çərçivəsində 27 müxtəlif tərkibli fəaliyyət icra edilib.

Elbrus İsayev diqqətə çatdırıb ki, NDU SDG 2 üzrə dünyanın ən yaxşı 400 universiteti, SDG 4, 7, 10, 15 üzrə ən yaxşı 600 universiteti, SDG 3 üzrə isə ən yaxşı 800 universitei arasında yer alıb. Həmçinin, “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində NDU nəzdində Gimnaziya açılıb, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Beynəlxalq əməkdaşlıq gücləndirilib. Universitet ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar qurulub, birgə proqramların təşkili məqsədilə bir sıra səfərlər həyata keçirilib. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib. Bundan əlavə, Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb. 

Rektor ali təhsil ocağının universitet-sənaye işbirliyinə dair əməkdaşlıqların qurulmasını da bildirib. Qeyd edib ki, Sahibkarlar Konfederasiyası, Kapital Bank ASC,  Ləzzət Qida Sənaye MMC, Cahan Holdinq, APF Group MMC ilə NDU arasında əməkdaşlıqlar universitetin sənaye ilə əlaqələrini möhkəmləndirib və təhsil sahəsində innovativ inkişafı dəstəklənib.

Elbrus İsayev brifinqdə 2025-ci il gözlənilən yeniliklərlə bağlı da açıqlamalar verib.  Bildirib ki,  Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində Tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisasının tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birliktə), Tibb fakkültəsi üçün binanın, Tibb fakültəsi üçün 500 nəfərlik konfrans zalının, Tibb kolleci üçün binanın,  Sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat Klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik  qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir. Rektor həmçinin İngilis dili tibb ixtisasının beynəlxalq akreditasiyasının təşkili də yeniliklər sırasında olduğunu qeyd edib. 

Bu il ərzində Texnologiyalar Parkının, Açıq İdman Kompleksinin, SABAH qrupları üçün SABAH Mərkəzinin, NDU Nəşriyyatın, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə NDU-nun birgə layihəsi olan İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir. 

Brifinqin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Səbuhi HƏSƏNOV

 

 

 

 

Chosen
15
xalqqazeti.az

1Sources