Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir
Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa bilər
Ermənistanın şərti sərhədlərdə Azərbaycana yönəlik təxribatları davam edir. Qazax və Sədərək istiqamətindən sonra erməni silahlıları Gorus rayonu istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutublar. Ardınca Basarkeçər rayonu istiqamətindən Ordumuzun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar.
"Caliber"in məlumatına görə, Ermənistanın genişmiqyaslı münaqişəyə fəal hazırlığını ordularının sistemli şəkildə yenidən silahlanması ilə də görmək mümkündür. Nəşr bildirib ki, silah tədarükü və ordunun modernləşdirilməsi birbaşa dövlətin hərbi strategiyasını əks etdirir: "Əgər hər hansı bir ölkə xüsusən hücum sistemlərinə üstünlük verərək, öz arsenalını fəal şəkildə artırırsa, bu, təkcə onun müdafiə qabiliyyətinin gücləndirilməsindən deyil, həm də gələcək hərbi əməliyyatlara hazırlığından xəbər verir". "Stokholm" Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatları da göstərir ki, Ermənistan son illərdə, xüsusən də 44 günlük müharibədə məğlub olduqdan sonra silah alışını əhəmiyyətli dərəcədə artıraraq diqqətini ənənəvi hərbi-texniki tərəfdaşı olan Rusiyadan Fransa və Hindistan kimi yeni təchizatçılara yönəldib. Ermənistan hökuməti 1 aprel-13 iyun 2025-ci il tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Bu toplanış rekord müddətdə - tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Bununla yanaşı, şərti sərhədlərdə istehkamların qazılması və mövqelərin möhkəmləndirilməsi prosesi gedir. Sputnikdən çəkilən görüntülərə əsasən, Ermənistan sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirir. Naxçıvan MR istiqamətində də erməni ordusunun istehkamlar qazdığı məlum olub. Son vaxtlar dronların alınması da diqqət çəkir. 2024-cü ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri əsas diqqətini pilotsuz texnologiyalara yönəldir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, son günlərdə seçkiqabağı vəziyyət və Rusiyapərəst müxalif qüvvələrinin fəallaşması açıq hiss olunur. Ekspert vurğulayıb ki, Ermənistan cəmiyyətində və müxalifət dairələrində hələ də 2020-ci ildəki məğlubiyyətə görə Paşinyanı günahlandıranlar mövcuddur:
"Son zamanlar müxalifət partiyaları aktivləşməkdə davam edir. Qarşıdan seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ata, şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmağı istəyə bilər. Digər səbəb isə ictimai dəstək qazanmaq cəhdidir. Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir. Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa bilər. Eyni zamanda bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoyar. Həmçinin, unutmayaq ki, hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir. Hazırda husilərə qarşı ABŞ ordusu tərəfindən aviazərbələrin endirilməsi, İsrail-Qəzza-Livan-Misir kommunikasiya xəttindəki məlum proseslər, Rusiya-Ukrayna müharibəsi, Suveyş kanalı və Panama kanalları ətrafında gərginliklər onu göstərir ki, ticarət yolları uğrunda müharibələrə start verilib. Bütün bunlar Cənubi Qafqaz üçün də bir sıra çağırışlar vəd edir".

Azad Vətən Partiyasının sədri Akif Nağı da "Sherg.az"a bildirib ki, Ermənistanın təxribatlara əl atmasını şərtləndirən bir neçə səbəb var:
"Ermənistan tam şəkildə məğlub durumdadır və belə vəziyyətdə özü üçün növbəti kapitulyasiya sənədi saydığı sülh sazişini tezliklə imzalamaq istəmir. Sözdə bunun əksini desə də, sülh çağırışları etsə də, reallıqda müqaviləyə imza atmaqdan qaçır. Prosesi yubatmaq üçün, daha əlverişli şəraitin yetişməsini gözləyir. Xatırlayırsızsa, Paşinyan 10 noyabr sənədinə də imza atmaqdan boyun qaçırırdı. İndi də masa üzərindəki sazişin məlum müddəaları və Bakının haqlı tələbləri fonunda sənədi imzalamağı yubadır. Çünki bu sənəddə maraqlarının qorunmadığını düşünür. Düşünürəm ki, İrəvan hökuməti sülh müqaviləsini son anda imzalamaqdan yayına, hətta imzalasa belə, bir müddət sonra sazişdən çıxa, müqaviləni poza bilər. Azərbaycan tərəfi Ermənistanın niyyətini çox gözəl bilir. Ermənistan indiyədək ancaq güc və təzyiq qarşısında üzərinə düşəni edib, onu da məcbur qaldığı üçün edib. Təcrübə də göstərir ki, İrəvan hökuməti sənədlə üzərinə götürdüyü öhdəliklərin heç birini özxoşuna, könüllü icra etməyib. 10 noyabr üçtərəfli sazişindən sonrakı proseslər də bunu sübut edir. Şərti sərhədlərdəki təxribatlar da sülh prosesini pozmağa hesablanıb".