EN

Montella bu dəfə yığmaya neçə debütant dəvət etdi?

Bu həftə ilin ilk “yığma pəncərəsi” olacaq.

Qardaş Türkiyə yığması Millətlər Liqasının pley-offu çərçivəsində Macarıstana qarşı iki oyun keçirəcək. İlk görüş martın 20-də “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “Rams Park”da oynanılacaq və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Cavab oyunu martın 23-də Budapeştdə keçiriləcək. “Ay-ulduzlular”ın baş məşqçisi Vinçentso Montella bu oyunlar üçün heyəti açıqlayıb. 30 nəfərlik geniş siyahıda yetərincə maraqlı məqamlar var. İlk növbədə üç debütantın olduğunu qeyd edək. Söhbət “Fənərbaxça”da Mourinyonun kəşflərindən olan Yusuf Akçiçək, “Çaykur Rizəspor”un müdafiəçisi Taha Şahin və bu mövsümü Portuqaliya təmsilçisi “Riu Ave”də icarədə keçirən, amma müqavilə ilə “Beşiktaş”a məxsus olan yarımmüdafiəçi Dəmir Ege Tıknazdan gedir. 20 yaşlı Tıknaz bu mövsüm Portuqaliyada sərgilədiyi oyunla bu ölkənin nəhənglərinin diqqətini çəkməyi bacarıb.

Qeyd edək ki, Altay Bayındır, Çağlar Söyüncü, Doğan Aləmdar, Enes Ünal, Fərdi Kadıoğlu, Ozan Kabak, Yusuf Yazıcı və Zəki Çəlik zədə üzündən bu dəfə yığmaya dəvət almayıb. Bundan başqa, Salih Özcanla Can Uzun sentyabrdan, Oğuz Aydın iyundan bəri, Əmrə Mor isə təxminən 2,5 illik fasilədən sonra ilk dəfə yığmaya çağrılıb. Heyətdə yer alan isimlərdən Arda Gülər ilə Merih Dəmiral cəzalı olduqları üçün Macarıstana qarşı ilk oyunu buraxacaqlar. İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Mərt Müldür və Orkun Kökçü isə vərəqə limitini doldurmaq üzrədi. Onlardan kimsə ilk görüşdə cəzalansa, cavab oyununu buraxmalı olacaq. Türkiyə Macarıstanla oyunun hazırlığına bazar ertəsindən etibarən start verəcək.

Sonda tam heyəti sizə təqdim edirik: qapıçılar – Mərt Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor), Muhammed Şəngəzər (İstanbul BŞ), Berke Özər (Eyüpspor); müdafiəçilər – Əbdülkərim Bardakcı, Kaan Ayhan, Ərən Elmalı (hamısı “Qalatasaray”), Mərt Müldür, Yusuf Akçiçək (hər ikisi “Fənərbaxça”), Samet Akaydın, Taha Şahin (hər ikisi “Çaykur Rizəspor”), Əmirhan Topçu (Beşiktaş), Merih Dəmiral (Əl-Əhli); yarımmüdafiəçilər – İsmayıl Yüksək, İrfan Can Kahveci, Oğuz Aydın (hamısı “Fənərbaxça”), Kərəm Aktürkoğlu, Orkun Kökçü (hər ikisi “Benfika”), Yunus Akgün (Qalatasaray), Hakan Çalhanoğlu (İnter), Arda Gülər (Real), Atakan Karazor (Ştutqart), Salih Özcan (Borussiya D), Dəmir Ege Tıknaz (Riu Ave), Can Uzun (Ayntraxt F), Əmrə Mor (Eyüpspor); hücumçular – Barış Alpər Yılmaz, Ahmed Kutucu (hər ikisi “Qalatasaray”), Kənan Yıldız (Yuventus), Dəniz Gül (Portu).

Chosen
15
football-plus.az

1Sources