2024-cü il fevralın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində ata qızını bıçaqlayıb.
Hadisədən sonra 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayon sakini 1958-ci il təvəllüdlü Rəfail Cavadov saxlanılıb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, fevralın 9-da Rəfail Cavadov evində olan zaman qonşusu Mirəli Quliyev onu söhbət etmək üçün çölə çağırıb. Söhbət zamanı qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə Rəfail Cavadov övladını öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək, dəhlizdə dayanmış Rəna Cavadovaya yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Yaranmış səs-küyə evə daxil olan qonşusu Mətanət Məmmədova arxadan tutub saxlayaraq, Rəfailin cinayətkar əməlinin qarşısını alıb. Nəticədə Rəna Cavadova ölümdən xilas olub.
Hadisə olan blok
İş üzrə dindirilmiş Rəfail Cavadov bildirib ki, fevralın 8-də onunla eyni kompleksdə yaşayan Mirəli Quliyev qızı Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu deyib:
İstintaqın gedişatında keçirilmiş üzləşdirmə protokollarından görünüb ki, Mirəli Quliyev yalan ifadələr verib. O bildirib ki, guya hadisə günü Rəfail Cavadovla qapının qarşısında mübahisə etməyib, həmin vaxt Xırdalan şəhərində xalasıgildə olub və onun mobil telefonuna qızının fotoşəkillərini göndərməyib. Amma şahidlər Nariyə Məmmədova və Reyhan Vəliyevanın ifadələrinə əsasən, Rəfail Cavadov məhz Mirəli Quliyevin və Ərkinaz Quliyevanın övladı haqqında söylədikləri böhtan xarakterli sözlərdən sonra, evə daxil olaraq, ağır cinayət törədib.
Məhkəmə iclasında Rəfail Cavadov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, istintaqda adından yazılan ifadəni oxumadan imzalayıb. Övladını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib.
Rəna Cavadova əlavə edib ki, atasına qarşı şikayəti və tələbi yoxdur.
Şahid Mətanət Məmmədova bildirib ki, fevralın 9-u saat 21 radələrində yaşadıqları mərtəbədə mübahisə səsləri eşidib, çölə çıxıb: "Mirəli ilə anası yüksək səslə Rəfail Cavadova qızı Rənanın müxtəlif şəxslərlə gəzdiyini və mobil telefonda açıq-saçıq şəkilləri olmasını deyirdilər. Rəna çölə çıxmasa da, içəridən atasına onların böhtan atdıqlarını, Mirəlinin özünün onun telefonuna əxlaqsız fotoları atdığını deyirdi. Rəfail qonşuların yanında biabır olduğunu söyləyərək, əsəbi halda evə keçib. Arxasınca içəri girəndə Rəfailin Rənaya bıçaqla zərbələr vurduğunu gördüm. Rəfaili arxadan qucaqlayıb, kənarlaşdıranda o, bıçağı yerə atıb qışqırdı. Mən və digər qonşular yaralanan qıza kömək edərək, təcili yardıma məlumat verdik".
Məhkəmə Rəfail Cavadova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Rəfail Cavadov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
MİA.AZ