Çanaqqala, 18 mart, Günel Karatepe, AZƏRTAC
Bu gün Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu il dönümü qeyd edilir. Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala müharibəsi zamanı şəhid olanlardan üç mindən çoxu azərbaycanlıdır.
AZƏRTAC xəbər verir ki, mötəbər gün münasibətilə Çanaqqalada bir sıra rəsmi mərasimlər keçirilir, şəhidlərin xatirəsinə yürüşlər edilir.
Türkiyənin dövlət rəsmilərinin iştirakı ilə keçirilən ilk mərasim Çanaqqalanın Cümhuriyyət Meydanında baş tutub. Tədbir ölkənin milli müdafiə naziri Yaşar Gülerin “Çanaqqala keçilməz” sözlərinin əks olunduğu xüsusi xatirə nişanını sancdığı Türkiyə bayrağının qaldırılması ilə başlayıb. Bu nişan 1994-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Çanaqqala döyüşlərində şəhid olan 253 min qəhrəmanın xatirəsinə təsis edilib.
Sonra Türkiyənin İstiqlal Marşı səsləndirilib, şəhidlərin xatirəsinə milli istehsal gəmilərdən 21 top atışı edilib. Türkiyənin dövlət rəsmiləri Çanaqqala Şəhidliyini ziyarət ediblər.
Anım tədbirləri çərçivəsində Türkiyənin Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatik komandası Çanaqqala səmalarında nümayiş uçuşu yerinə yetirib və gəmilərin keçidi olub.
Xatırladaq ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.
Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi.
Tarixi gün münasibətilə fikirlərini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Millət olaraq böyük bir qürur və həyəcanla Çanaqqala Zəfərinin 110-cu ildönümünü anır, Çanaqqalanı keçilməz edən qəhrəmanlarımızı rəhmət və minnətlə yad edirəm”, - deyə bildirib.
Türkiyə Prezidenti paylaşımında “Çanaqqala, millət olaraq bizim əbədi və əzəli qardaşlığımızı ifadə etdiyi qədər, yerləşdiyimiz bölgənin də taleyinin ortaq olduğunu əks etdirir, rəmzləşdirir”,- ifadələrini işlədib.