EN

Naxçıvanda elektromobillər üçün 10 enerjidoldurma stansiyası qurulur - Nazir əvəzi

Hazırda Naxçıvan Muxtar Respublikasında elektrikli avtomobillər üçün 10 enerji doldurmastansiyası qurulur.

Avtosfer.az xəbər verir ki, bunu “Report”a Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Rahid Ələkbərli bildirib.

Onun sözlərinə görə, son illərdə Naxçıvanda elektromobillərin istifadəsinə maraq artıb:

“Bunu nəzərə alaraq muxtar respublikada elektromobil doldurma infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Hazırda elektrikli avtomobillər üçün 10 enerjidoldurma stansiyasının qurulması layihəsi icra olunur və bu proses sürətlə davam edir. Bu layihə yalnız elektromobil sahibləri üçün deyil, eyni zamanda muxtar respublikada yaşıl enerjiyə keçid baxımından əhəmiyyətli addımdır”.

Nazir bildirib ki, ötən ilin sonunda bütün avadanlıqlar əldə edilib və quraşdırma işlərinə başlanılıb:

“Artıq 7 nöqtədə enerji doldurma məntəqələrinin qurulması tam başa çatdırılıb. Hazırda isə qalan məntəqələrin enerji xətləri ilə təchiz olunması prosesi davam edir. İşlər yekunlaşdıqdan sonra 10 stansiyanın hamısı tam istifadəyə veriləcək”.

O qeyd edib ki, layihənin ilkin mərhələsində elektrik nəqliyyatının daha çox istifadə olunduğu və strateji əhəmiyyət daşıyan ərazilər seçilib:

“Naxçıvan şəhəri, Şərur, Ordubad və Şahbuz rayonları bu layihənin əsas istiqamətləri olub. Stansiyalar yol infrastrukturunun müasir tələblərə uyğun olduğu ərazilərdə və avtomobil axınının yüksək olduğu yerlərdə qurulub. Onların şəhər mərkəzlərinə və əsas magistral yolların üzərində yerləşdirilməsi sürücülər üçün rahatlıq təmin edəcək. Hazırda elektrikli avtomobillərin geniş yayılması üçün ən vacib faktor enerji doldurma infrastrukturunun olmasıdır. Bu layihənin tam həyata keçirilməsi ilə elektromobil sahibləri üçün rahat və əlçatan enerji mənbələri yaradılacaq. İndiyə qədər bəzi sürücülər elektrikli avtomobil almaqdan çəkinirdilər, çünki enerji doldurma stansiyalarının olmaması ciddi problem idi. Bu yeni infrastruktur bu problemi tamamilə aradan qaldıracaq. Artıq Naxçıvanda elektriklə işləyən avtomobillərin sayı artacaq, insanlar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən daha çox istifadə edəcəklər”.

R.Ələkbərli həmçinin vurğulayıb ki, enerji doldurma stansiyalarının fəaliyyətə başlaması muxtar respublikada ekoloji tarazlığın qorunmasına və havanın çirklənməsinin azalmasına müsbət təsir edəcək:

“Naxçıvan yaşıl enerjiyə keçiddə öncül regionlardan birinə çevriləcək”.

Chosen
11
avtosfer.az

1Sources